fbpx

Qurucumuzdan

Bu günün dünyasında elm və texnologiya elə sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa çatmaq, hətta onu izləmək belə çətin görünür. Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın özü olduğunu da bilirik - dinindən, dilindən, cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal gücü ilə zamanı qabaqlaya bilən insan.

Şəmil Sadiq | Filologiya üzrə fəlsəfə doktoru

Biz sənədli filmlərdə və texnologiya xəbərlərində Marsa enəcək kosmik zondu gördükdə, istifadə etdiyimiz ağıllı telefonların yeni funksiyalarını kəşf etdikdə, genetik tibdəki yeniliklərdən xəbər tutduqda, çağdaş bir memarlıq abidəsini gördükdə, yüzlərlə insanı bir neçə saat ərzində dünyanın bir ucundan digər ucuna daşıyan hava gəmiləriylə uçduqda istər-istəməz “bunu yaradan dahidir”, “bu bir möcüzədir” deyə düşünür, o məhsulları yaradan şəxslərin adlarını bilməsək belə, içimizdə onlara təşəkkür edirik.
Bəlkə də, bu icadları və kəşfləri edənlərə minnətdarlıq hiss etməklə bərabər, onlara qibtə edir və bu kəşfləri ancaq “xüsusi” insanların edə biləcəyini düşünürük. Ancaq belə düşünmək təhlükəlidir: “bizlik deyil, biz bacarmarıq” deyə dəyər yaratmağa heç cəhd etməmək texnologiyanın passiv istifadəçiləri olaraq qalmaqla nəticələnə bilər. Tariximizə baxsaq, dünya elminə bizim də töhfə vermiş olduğumuzu görərik. Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə, Xudu Məmmədov kimi alimlərimiz nəzəri və praktik elmin müxtəlif sahələrinə orijinal töhfələr veriblər. Bunu əvvəllər etmişiksə, yenə edə bilərik. Sadaladığımız alimlər bizə bu yolda özünəinam aşılayan nümunələr və rol modelləridir. Obrazlı desək, biz robot istehsal edə bilməsək, robotların idarə etdiyi insanlara çevriləcəyik.
Bu gün Samsung, Apple, Facebook, Miscrosoft, Amazon kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə müqayisə etməklə texnologiyanın iqtisadi güc kimi böyüklüyünü təqdir etmək mümkündür. Sizi, əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, bü günkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, eyni zamanda bizim hədəflərimizlə tanış olmağa və Hədəfli bir şagirdin valideyni olmağa dəvət edirik.
Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını yetişdirməkdir.

BİLGƏ Azərbaycanlı kimdir?

  1. Milli duyğularını itirmədən insanlığı sevən və bəşəri dəyərlərə açıq olan…
  2. Azad düşünən və düşündüyünü etik qaydalarla və sərrast ifadə edən…
  3. Təbiətə dəyər verən, sevgisiylə onu qoruyan…
  4. Biliyi əldə etməyin və bacarığa yiyələnməyin yolunu bilən…
  5. Əldə etdiyi bilgi və bacarığı istifadə və tətbiq edən…
  6. Xəyallarını gerçəkləşdirmək arzusundan heç vaxt vaz keçməyən…
  7. İnsanın yaratmaq bacarığının sərhədsiz olduğuna inanan…
  8. El-obasını və dünyanı sevib ona sahib çıxmağı bacaran…

Biz,  XXI əsrdə dünyanın elm və texnologiya sahəsindəki inkişaf istiqamətlərini və maraqlarını nəzərə alaraq, profilimiz olaraq elm, texnologiya, mühəndislik və riyaziyyatı tədris etməyi seçdik. Beynəlxalq ədəbiyyatda STEM və ya STEM+A kimi qısaltmalarla tanınan proqramı tədris etməklə  Azərbaycan özəl təhsil sistemində bir ilkə imza atmağı qarşımıza hədəf qoymuşuq.

Biz tədris proqramımızı milli kurikulumla beynəlxalq kurikulumların vəhdətindən yaradıb, öz konseptimizlə zənginləşdirmişik. İnteqrasiya olunmuş təlimlər proqramının əsas məqsədi şagirdlərin elmi, texnologiyanı, riyaziyyatı və mühəndisliyi əzbərləmələri deyil: interaktiv olaraq, sənaye və istehsalatla qarşılıqlı əlaqədə və liseyin laboratoriyalarında toxunaraq öyrənmələridir.

Hədəfimiz, hər bir şagirdin əvvəlcədən hansı ixtisasa yiyələnəcəyinə qərar vermək deyil, liseyin disiplinlərarası təhsilinin və təlim, praktika, özfəaliyyət və diskussiya mühitinin şagirdlərin xüsusi istedadlarını ortaya çıxarmasına nail olmaq və onların düzgün istiqamət seçmələrinə dəstək olmaqdır. Məhz bu halda gələcəyin işini sevən həkimini, alimini, texnoloqunu, dizaynerini, proqramçısını və mühəndisini yarada bilərik.

Elmlə insanlar məşğul olur, digər insanların dünyanı anlamalarına və onların rifah səviyyələrinin artmalarına kömək edirlər. Elm, bəşəri fəaliyyətdir.

Bizə görə humanizm və elm qoşa qanaddır!

Hədəf Hədəfi böyük olanların liseyidir…