Liseyimizdəki sosial fəaliyyətlərin məqsədi şagirdlərimizin maraq dairələrini, bacarıqlarını, mədəniyyət və idman sahəsinə həvəslərini genişləndirmək və gücləndirməklə yanaşı, onlara gələcək karyeralarında komanda üzvü və komanda lideri kimi işləmək vərdişləri aşılamaqdır.
Hədəf Liseyi İdarə Heyəti olaraq şagirdlərlə 10 illik iş təcrübəmizə, beynəlxalq dərəcəli təhsil mütəxəssislərinin tövsiyyələrinə və qabaqcıl orta təhsil praktikalarına əsaslanaraq sosial fəaliyyətlərimizi dörd qrupa ayırmışıq.
Hədəf Liseyində Balabilgələrin dünyagörüşünü, sağlamlığını, bacarıqlarını, sosiallığını artırmaq üçün elm, idman, sənət istiqamətində çoxlu sayda dərnəklər təşkil etdik.
1-ci sosial fəaliyyət sahəmizdə şagirdlərimiz idman dərnəklərində istəklərinə görə oxatma, futbol, masa tennisi, basketbol, şahmat, şaşki, voleybol, alpaqut, atçılıq və velosiped idmanları ilə məşğul olacaqlar. Liseyimiz, şagirdlərimizin bu idman növləri ilə məşğul olmaları üçün müvafiq idman klubları ilə əməkdaşlıq edəcək.
2-ci sosial fəaliyyət sahəmizdə elm və sənət, sürətli oxu, oxuculuq və debat klubları nəzərdə tutulur. Bu məşğələlərin məqsədi şagirdlərin mütaliə dairələrini, dünyagörüşlərini, arqumentləndirilmiş mühakimə və obyektiv analiz bacarıqlarını artırmaq və onlara innovativ yanaşma üçün motivasiya və biliklər aşılamaqdır.
Sosial fəaliyyətimizin 3-cü istiqaməti ART dərnəklərində yaradıcılıq (aplikasiya,batika, heykəltəraşlıq, vitraj), kulinariya, dekorativ tətbiqi sənət, rəsm, toxuculuq, dizayn və qrafika, foto klub məşğələləridir. Bu fəaliyyətin məqsədi şagirdlərimizə hobbi aşılamaq, onların əl-beyin koordinasiyalarını və estetik duyumlarını inkişaf etdirməkdir.
4-cü sosial fəaliyyət istiqamətimiz isə İncəsənət dərnəklərində Hədəf Yaradıcılıq Mərkəzinin müəllimlərinin dəstəyi ilə teatr, aktyorluq, müsiqi alətlərində (piano, gitar, tar, saz) ifa, rəqs və rəsm məşğələləridir.
Yuxarıdakı sosial fəaliyyətimizə əlavə olaraq, şagirdlərimiz Hədəf TV və Hədəf Radiosunda, həmçinin həftəlik divar qəzetimizdə maraqlı məlumatlar paylaşacaq, bilgi və uğurlarını şagird yoldaşları ilə bölüşəcək, Liseyimizin radiosunda çıxışlar etmək və müsahibələr verməklə, rəy və təkliflərini Lisey rəhbərliyi və digər şagird yoldaşlarına çatdıracaqlar.