fbpx

STEM

Hədəf Liseyi, ölkəmizin STEM əsaslı təhsil verən ilk özəl liseyidir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır.

UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu bildirilir və hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.
Hədəf liseyi, şagirdlərimizin təbiət fənləri, mühəndislik və riyaziyyat dərslərində öyrəndikləri nəzəri bilikləri liseyimizin İnteqrasiya mərkəzindəki müxtəlif təcrübələri müşahidə edərək, onlara toxunaraq və konkret təcrübə nümunələri üzərindən sual verərək dərindən mənimsəmələrini hədəfləyir. Təshil proqramımıza şagirdlərimizin mühəndislik emalatxanalarında fizika, kimya, elektrik-elektronika, dizayn və proqramlaşdırma təcrübələri apararaq müxtəlif təcrübə qurğuları, cihazlar və mexanizmlər emal və montaj etmələri, hazırladıqları cihaz və mexanizmləri optimal şəkildə dizayn edib proqramla təmin etmələri də daxildir. Şagirdlərimizin liseydəki təhsillərinin hər anında tədris olunan fənləri təkcə nəzəri və praktik dünyanın ayrı-ayrı təlimləri olaraq deyil, bir bütün halında, toxunaraq və tətbiq edərək öyrənmələri əsas məqsədimizdir.

Elm, obyektiv dünya haqqında bilgi əldə etmənin yeganə yoludur. Biz, elmi metod vasitəsiylə təbiət qanunlarını kəşf edir, Kainata dair anlayışımız dərinləşdirməklə bərabər, praktik problemlərin həllində də bu qanunlara istinad edirik.

Texnologiya, insanların maddi rifahını artıran və həyat keyfiyyətini yaxşılaşdıran vasitələrdir. İnsanlar həmişə texnologiyalar yaradıblar, texnologiyasız yaşamaq mümkün deyil. Hədəf Liseyi, texnoloji proses və avadanlıqları elmin prinsiplərini anlayaraq, istehsalatla təmas halında və toxunaraq öyrətməyi və şagirdlərimizin gələcəkdə yeni texnologiyalar yaratmaq üçün bu gün atacaqları ilk addımları təşviq etməyi və onlara dəstək olmağı,  nəzəri və praktik dərslər və məşğələlər mühiti yaratmaqla qarşısına məqsəd qoyub.

Mühəndislik texnologiyalar yaratmaq yollarıdır, elmlə texnologiyanı birləşdirən prosesdir. Mühəndislik, insanların problem və ehtiyaclarına görə həllər təxəyyül etmək və son məhsulun performansını  hesablayıb, onu iqtisadi olaraq əlverişli şəkildə meydana çıxarmaq bacarığıdır.          Təbiət qanunlarını dərindən bilərək müasir hesablama və dizayn prinsiplərindən istifadə edib real həllər ortaya qoymaq üçün zəngin xəyal gücü vacib şərtdir. Hədəf  Liseyi, gələcəyin alim və mühəndislərinin təxəyyüllərini zənginləşdirmək üçün  Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat tədrisinə Yaradıcılıq tədrisini də əlavə edir.

Riyaziyyat, obyektiv dünyanın universal dilidir. Təbiət bizimlə bu dildə danışır. Riyaziyyatı dərindən bilmədən təbiətə sual vermək və onun cavabını anlamaq mümkün deyil.  Riyaziyyat ölçmə, hesablama və riyazi modellər hazırlamağımıza və nəzəri biliklərin praktik vasitələrə çevrilməsindəki addımları atmağımıza imkan tanıyır. Hədəf Liseyi, informatikanın və Kainatın dili olan riyaziyyatın şagirdlərimiz  tərəfindən dərindən mənimsənilməsinə və pratik məsələlərin həllinə uğurla tətbiq olunmasına  xüsusi əhəmiyyət verir.

Hədəf Liseyi, nəzəri bilkləri dərindən mənimsəyən, istehsalatla qarşılıqlı əlaqədə, İnteqrasiya Mərkəzində müşahidə edərək, laboratoriya və emalatxanalarımızda toxunaraq və tətbiq edərək öyrənənən, yaradıcı təxəyyülləri ilə qəlibləşmiş düşüncə yollarından kənara çıxa bilən, bəşəri inkişaf istiqamətlərini nəzərə almaqla optimal mühəndislik, proqramlaşdırma və dizayn həlləri təklif edən gələcəyin alim, mühəndis, proqramçı və dizaynerlərini yetişdirməyi hədəfləyir. Biz liseyimizin şagirdlərinin Nəsirəddin Tusinin, Yusif Məmmədəliyevin, Xudu Məmmədovun, Lütfi Zadənin izindən gedəcək, nanotexnologiya, ekologiya, proqramlaşdırma, elektrik və elektronika, robot texnikası, süni zəka, sənaye dizaynı sahələrində yeni çığırlar açacaq gələcəyin mütəxəssisləri olmalarını qarşımıza məqsəd qoymuşuq.
Dünya, sənaye inqilabından sonrakı, dijital texnologiyaların mühərriki olduğu növbəti böyük dəyişiklik dövrünə qədəm qoyub. Təxmin etmək çətin deyil ki, bu böyük dəyişiklik dövründə yalnız yaradıcı və çevik xəyal gücünə sahib, bəşəri inkişaf tempi ilə ayaqlaşan və bilgi şəklində əlavə dəyər yaradan alim və mühəndislərin cəmiyyəti inkişaf tempiylə ayaqlaşa biləcək.

Hədəf Liseyi, XXI əsr üçün mütəxəssislər yetişdirməyi öz məqsədi hesab edir və Sizi, valideyinləri və şagirdləri, yaxın gələcək üçün bu vizyonu və missiyanı birlikdə paylaşıb reallaşdırmağa dəvət edir.