Bütün bu bacarıqlar formalaşdıqdan sonra şəxsiyyətin həyata addım atması mərhələsi başlayır. Biz 9-cu sinif şagirdlərimizin gələcəkdə quracaqları karyeralarının daha səmərəli və faydalı olması üçün onlara ilkin ixtisas vərdişlərini də öyrətməklə yanaşı, şagirdlərin ali məktəblərə hazırlaşmalarını da əsas prioritet kimi müəyyən edirik. Aşağı siniflərdən fərqli olaraq 9-11-ci sinif şagirdləri həftənin 3 günü dərslərini 17:00-da deyil, 19:00-da bitirirlər. Çünki onlar yerli və xarici universitetlərə hazırlıq dərslərində iştirak edirlər.
Hədəf Liseyi layihələrə fokuslanmış, dünya miqyasında rəqabətyönümlü STEM əsaslı tədris həyata keçirir. Şagirdlərin təhsillərini universitet imtahanları ilə yanaşı tələbəlik, hətta iş həyatına hazır olmalarını təmin edəcək bacarıq və baza ilə tamamlamaları hədəflənir. Liseyimizin şagirdləri, STEM mərkəzində layihələr həyata keçirən, problemləri həll etmə iddiasına sahib, xarici dilləri beynəlxalq təhsil proqramlarında iştirak edib üfüqlərini genişləndirəcək qədər bilən, yaradıcı və müasir fərdlər olaraq həyata hazırlıqlı şəkildə başlamağın verdiyi pozitiv hissləri daima hiss edirlər.
9-cu sinifdən başlayaraq liseyimizdə şagirdlər psixoloq və müəllimlər tərəfindən ixtisas seçiminə yönləndirilir və seçdikləri ixtisaslara görə qruplaşdırılaraq kurslar təşkil edilir. Bu mərhələdə Hədəf Şirkətlər Qrupuna daxil olan, universitet hazırlığı sahəsində Azərbaycanın ən qabaqcıl qurumu olan Hədəf Kursları ilə əməkdaşlıq edilir. Dərslərə Hədəf Kurslarının təcrübəli müəllimləri dəvət olunur.