BalaBilgə Uşaq Bağçası Hədəf STEAM Liseyinin bir hissəsidir. BalaBilgə Uşaq Bağçasında “Cambridge Preschool” fəaliyyət göstərir. Burada tədris STEAM təhsilinə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanır. Uşaqları XXI əsrə hazırlayan təhsil sisteminin mahiyyəti qısaca budur: düşün, gör, toxun, et. STEAM dərsləri zamanı uşaqlar bir-biri ilə ünsiyyətdə olur, xəyal qurur, komanda şəklində istehsal etməyi, problemlərə fərqli həll yolları tapmağı öyrənirlər. STEAM-ın sonunda texnoloji bir məhsul ortaya çıxır.
Biz STEAM təhsilinin təbiətlə vəhdətini həyata keçirdik. Binamızın ərazisi, geniş həyətyanı və bağ sahəsi olduğu üçün gələcəyin insanlarını təbiətlə təmasda böyütməyi hədəfləmişik. Elm təbiəti öyrənir, təbiət olmadan elmi inkişaf etdirmək mümkün olmazdı. STEAM+N təhsili çərçivəsində balabilgələrimiz öz əkin sahələrində müxtəlif heyvanların olacağı heyvanat bağçasında elmi görərək, toxunaraq öyrənirlər.
Bağçada tədris 5 yaş qrupu, 3 bölmə (Azərbaycan, rus, ingilis) üzrə aparılır. Bağçada uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qurulur. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. Bu məşğələlərdə uşaqlara dinləmə və anlama vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir.
Məqsədimiz balabilgələrin bağçanı sevməsi, səhər yuxudan sevinərək oyanması, axşam bağçadan getmək istəməməsi, sevgi mühitində əylənərək, oynayaraq öyrənməsi, biliklərə yiyələnməsi və gələcəyə hazırlaşmasıdır. Vicdanlı, ədalətli, vətənpərvər, təbiəti, insanları sevən, millətinə və dövlətinə sədaqətli, milli və bəşəri ruhu özündə birləşdirən, sağlam ruhlu, sağlam təfəkkürlü vətəndaş yetişdirmək əsas prinsipimizdir.