Hədəfi böyük olanların liseyi

Hədəfdə qiymətləndirmə BİM

Hədəfdə qiymətləndirmə BİM

BİM - Balabilgənin inkişafının müşahidəsi

Hədəf Liseyi öz innovativ konseptinə sadiq qalaraq, qiymətləndirmədə yeni model tətbiq edir. HK (Hədəf Konsepti) beynəlxalq təhsildə qiymətləndirmə kimi tanınan ifadədən yox, BİM (Balabilgənin inkişafının müşahidəsi) terminindən istifadə edəcək.

Dünyanın bir çox qabaqcıl ölkələrinin təhsil strategiyalarında balabilgələrin imtahanlarla yüklənməsinə son vermiş, öyrənmənin sadəcə balabilgənin özünə maraqlı olacağı halda reallaşacağını qəbul etmişlər. Ancaq dünyanın bəzi ölkələrində hələ də uşaqlar imtahanla yarışa təşviq edilir, verilən qiymətlərlə onlara sanki birinin digərindən daha ağıllı və bacarıqlı olduğu psixologiyası aşılanır. Artıq təhsil mütəxəssisləri müəyyənləşdiriblər ki, hər balabilgə bacarıqlıdır və ya hər bir balabilgənin müəyyən bacarığı var. Buna görə də bütün balabilgələri eyni meyarlarla ölçmək əvəzinə, hər insanın özünəməxsus bacarığının aşkarlanması və inkişaf etdirilməsi daha məqsədəuyğundur.

Bunu nəzərə alaraq, biz də liseyimizdə balabilgələrimizin öyrənmə prosesindəki inkişafını müşahidə etməklə kifayətlənəcəyik və yaxından tanış olduqda valideynlərimiz də bizim Balabilgə İnkişafını Müşahidəmizin qiymətləndirmənin başqa forması olmadığına qane olacaqlar.

“Qiymətləndirmə olmadan mümkün deyil” deyə düşünənlər, ilk addım atdıqlarında, ilk kitablarını oxuduqlarında, yeni bir məlumat öyrəndikdə və ya bir kompüter proqramını və ya telefonun bir funksiyasını ilk dəfə istifadə etdikdə aldıqları zövqü xatırlasınlar və heç kimin onları bu uğurlarına görə qiymətləndirmədiyini yada salsınlar. Biz, balabilgələrimizi qiymətləndirmə ilə rəqabətə dəvət etmirik, uğurlarına sevinib, özünün motivasiya olması ilə inkişaf etməsini təmin edirik.

HK-də BİM 3 formada aparılır

  1. Məktəbəqədər və ibtidai siniflərdə, ümumiyyətlə heç bir yazılı imtahan yoxdur. Sadəcə müəllimlər balabilgələrinin inkişaf prosesini izləyəcək və balabilgələrin əylənərək öyrənmələri və öyrənərkən əylənmələri valideyinlərimizə əyani nümayiş olunur. Onlar balabilgələrin hazırladıqları elmi iş və layihələri, bədii və texniki əl işlərini, klub və debatlardakı fəaliyyətlərini, özlərinə və yoldaşlarına dəyər vermələrini müşahidə edərək övladlarının inkişafına şahid olurlar.
  2. 5-8-ci siniflərdə təhsil ilində sadəcə iki dəfə KİQ (Kiçik İnteqrativ Qiymətləndirmə) və iki dəfə də BİQ (Böyük İnteqrativ Qiymətləndirmə) keçiriləcəkdir. Bu qiymətləndirmə növü isə məhz Hədəf Konseptindən qaynaqlanır. Belə ki, balabilgələr iki aydan bir müxtəlif fənlərin inteqrasiya olunması ilə hazırlanmış 50 suala cavab verirlər. Balabilgə bir suala cavab verdikdə, biliyi bir neçə fənn üzərindən müəyyənləşdirilir. Nəticədə topladığı maksimum bal 50 olur. Bu 50 bal üzərindən müəyyənləşdirilən BİM bütün bilik və bacarıqlara şamil edilir. Pedaqoq Şəmil Sadiqin İnteqrativ Qiymətləndirmə nəzəriyyəsinə əsaslanan BİM hazırlanarkən balabilgəyə dərs deyən müəllimlər birgə fəaliyyət göstərirlər ki, bu da balabilgələrin inkişafını və psixoloji halını müəllimlərin birlikdə dəyərləndirmələrinə imkan yaradır.
  3. 9-11-ci sinif balabilgələri üçün keçirilən BİM isə ənənəvi üsullara söykənərək 100 ballıq sistem üzərindən aparılır. 9-cu siniflərdə iki MQT (Mövzu Qiymətləndirmə Testi) və iki ÜQT (Ümumi Qiymətləndirmə Testi), 10-cu siniflərdə dörd MQT və iki ÜQT, 11-ci siniflərdə 6 MQT və 2 ÜQT keçirilir. Bu mərhələdə isə, balabilgələr inteqrasiyanı mənimsədikləri və şəxsiyyət kimi formalaşdıqları üçün diferensasiya prosesini izləyirik. Hər fənn üçün ayrıca keçirilən BİM prosedurunu buraxılış və qəbul imtahanı izləyir.

QEYD: Niyə yuxarı siniflərdə də qiymətləndirməninin ləğv edilmədiyi soruşula bilər. Biz düşünürük ki, 10 yaşa qədər uşaqlarda inkişaf prosesi sürətlə getdiyi üçün onlara rəqabət aşılamaqdansa, fiziki və psixoloji sağlamlıqlarını qorumaq, uşaqlara zəngin və rəqabətdən uzaq mühit hazırlamaq daha vacibdir. Sağlam bədən və sağlam düşüncənin bünövrəsi düzgün və möhkəm qoyulduqda isə sonrakı mərhələlərdə keçiriləcək BİM-lər balabilgələrdə rəqabət duyğusu və psixoloji gərginliklər yaratmır.