Hədəfi böyük olanların liseyi

Məmməd Arazın 90 illiyi ilə bağlı “Duman ömrü”

Okt 14, 2023
Məmməd Arazın 90 illiyi ilə bağlı “Duman ömrü”

Hədəf STEAM Liseyinin Bakı filialında Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri olan görkəmli söz ustadı Məmməd Arazın 90 illiyi ilə bağlı “Duman ömrü” adlı tədbir keçirilib.

hedefliseyi.edu.az xəbər verir ki, tədbirin ədəbi-bədii kompozisiyalı hissəsində dahi şairin həyat yolu qısa bədii fraqmentlər şəklində izləyicilərə təqdim olunub. “Tapşırıq dəftəri” adlı ilk hissədə şairin dağların qoynunda çobanlıq etməsi, tapşırıq dəftərinə ilk şeirlərini yazması, böyük şairin misralara səyahətinin də elə o dəftərdən başlaması qeyd edilib.

Şeir heyrət deməkdir, şeir heyrətdən doğulur. M.Arazın bütün ədəbi irsi o dağlara, o dağların dumanına, Azərbaycan torpağına, təbiətinə heyrətdən doğulub. O dağlar, o duman onun üçün azadlıq demək idi. Elə buna görə də tədbir “Duman ömrü” adlandırılıb.

M.Araz kiçik bir qayanın döşündən qopub böyük bir dünyanın mehinə dönüb. Günəşin zirvəsindən aldığı nur yurda işıq saçıb. O, dünyanı həqiqət aynasında görüb və bu həqiqəti öz oxucularına göstərib:

Bəli, duman olum.

Duman,

Bir çəngə.

Mənim öz yağışım,

Öz qarım olsun.

İstədiyim yerə yükümü çəkən

Hökmüm, ixtiyarım, qərarım olsun.

Şair öz arzusuna çatıb, duman ömrü yaşayıb. Keşməkeşli həyat yolu keçsə də, nəhayət, Azərbaycanı da azad görə bilib.

M.Araz şeirinin hər sətri, hər misrası, təsvir olunan hər obrazı, hər detalı vətən qüdsiyyətini ifadə edir. Vətənə bağlılıq onun yaradıcılığının nüvəsində dayanıb.

5-ci sinif balabilgələrimiz – V.Fatimə, Q.Aylin, A.Ayan da şairin vətənpərvər şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, kitabxana müdiri Nərmin Səlimova “Azərbaycan ədəbiyyatında M.Araz irsi” adlı məruzəsi ilə çıxış etdi.

Poeziyanın şəffaf sularına Arazın bulanıq, paralanmış sahilindən ayrılıb gəlib, özü ilə poeziyaya Arazın dərdini, ağrısını gətirib. Özü də tarixdən, təbiətdən, ana dilindən, bayatıdan axan Araza dönüb – Məmməd Araza!

Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru, Hədəf STEAM Liseyinin Dram müəllimi Cavad Nur səhnədə şairin obrazını yaradaraq şairin yaşadığı ağrıları onun misraları ilə dilə gətirib:

Neçə-neçə dona girir söz ürəyimdə,

Elə bil ki, mövzular da ölür, doğulur,

Bəzən elə mövzuların tükənməyi də

Dönüb mənə tükənməyən bir mövzu olur...

Şəhidlər öz ölümü, şairlər isə öz ağrıları ilə yaddaşda qaynayıb-qarışır. Və yaddaşın ömrü haqqa xidmətin qədərindən, tarixə çevrilən anların cəmindən yaranır. Əsrlərdir ki, İsa da, Məhəmməd də, Qorqud da, Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Tarix, zaman hər yerdən axıb gedir, yalnız yaddaşa ilişəndə iz qoyur, əbədiləşir, abidələşir. M.Arazın abidəyə çevrilən misralarından biri olan:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

– misralarını liseyin direktor müavini Məmməd Məmmədli və Məryəm İsmayılova bədii kompozisiya yaradaraq ifa ediblər.

M.Araz sənəti bir vətəndaş tərbiyəsinin məktəbidir. Ədibin xalqa bağlılığına, ana dilinə, xalq ədəbiyyatına, xalq müdrikliyinə, hikmətinə bələdçiliyinə görədir ki, onun əsərləri Azərbaycan ədəbiyyatında liman salan gəmidir və heç vaxt unudulmur.

Tədbirin bədii hissəsi bitdikdən sonra Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq çıxış edərək bu gün də aktual olan M.Araz yaradıcılığında vətənpərvərlik motivlərinin qəhrəman xalqın, zəfər şahidi olan və onu qorumağa qadir gələcək nəsillərin yetişməsindəki rolundan danışıb.

Son söz Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradova verilib. N.Muradov da öz növbəsində M.Araz yaradıcılığında Elat (Bozkır) mədəniyyətinin əksindən, şairin bu mədəniyyəti şeirin fəlsəfi dilinə çevirməsindən danışıb. N.Muradov macqal dilinin imkanlarının artıq hərəkətsiz bir həyat yaşayan şairin əl-qol açdığını qeyd edib. Gələcəkdə də M.Araz oxucularını diqqətli olmağa səsləyib. Çünki onun fikrincə, yalnız diqqətli, bilgili və duyarlı oxucu macqal labirintlərindən keçə bilər. Bu dillə yazılan ədəbiyyat bizə sadəcə yaxın keçmişimizin danışıq leksikasını deyil, mədəni-psixoloji, etnik-kulturoloji mənzərəsini də açıb göstərir.

Tədbirin sonunda M.Araz aşiqi olan dəyərli tədqiqatçımız Hədəf Şirkətlər Qrupunun 15 illik yubileyi münasibətilə təsis edilən “Hədəf – 15” döş nişanı ilə təltif edilib.