Zəfərimizin 5 ili – Qürurumuzun tükənməz dastanı
Hədəf STEAM Liseyində 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Zəfər Günü – Qürurumuzun Təntənəsi” adlı möhtəşəm və yüksəkruhlu tədbir keçirildi.
Beş il əvvəl Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. Xalqımızın sarsılmaz birliyi, igid ordumuzun misilsiz qəhrəmanlığı və canını vətən uğrunda fəda etmiş şəhidlərimizin müqəddəs qanı ilə tariximizə qızıl hərflərlə həkk olunan böyük qələbə əldə olundu. Bu qələbə yalnız torpaqlarımızın azad olunması deyildi; bu eyni zamanda milli kimliyimizin, qürurumuzun, azadlıq eşqimizin və yenilməz ruhumuzun bir daha bütün dünyaya sübutu idi.
Bu gün Zəfərin 5 illiyini qeyd etməklə biz həmin günlərin sevincini, qürurunu və məsuliyyətini yenidən yaşadırıq. Qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyir, onların bizə miras qoyduğu bu böyük ruhu gələcək nəsillərə çatdırmağı özümüz üçün şərəf bilirik.
Tədbir ərzində şagirdlərimizin ifaları, səhnəcikləri, şeirləri və kompozisiyaları Zəfər Gününün ruhunu daha da gücləndirdi, hər kəsə qürur dolu anlar yaşatdı.
Qoy üçrəngli, ay-ulduzlu bayrağımız daim azad səmasında dalğalansın, xalqımızın qüruru və birliyi heç vaxt sarsılmasın!
Zəfər Günümüz mübarək!