Hədəfi böyük olanların liseyi

İstanbulda Türk Dünyası Psixoloq və Pedaqoqlar Kampı uğurla başa çatıb

Apr 03, 2026
İstanbulda Türk Dünyası Psixoloq və Pedaqoqlar Kampı uğurla başa çatıb

TESAM və "Hədəf Global"ın əməkdaşlığı ilə təşkil olunan Türk Dünyası Psixoloq və Pedaqoqlar Kampı İstanbul şəhərində 27–31 mart 2026-cı il tarixlərində keçirilib və uğurla başa çatıb. Beynəlxalq kamp Türk dünyasının müxtəlif bölgələrindən olan pedaqoq və psixoloqları bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.

Kamp çərçivəsində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunub, onların peşəkar inkişafına töhfə verəcək yeni yanaşmalar və müasir baxış bucaqları təqdim edilib. Təlim və müzakirələr zamanı pedaqogika və psixologiya sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin gedişində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq də iştirak edib və kampın əhəmiyyətinə dair fikirlərini bölüşüb. O, Türk dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Hədəf Liseyləri və Hədəf Kurslarından ümumilikdə 15 nəfər müəllim beynəlxalq kampa qatılaraq təlim və müzakirələrdə fəal iştirak ediblər.

Kamp çərçivəsində təşkil olunan mədəni proqramlar iştirakçılar arasında daha sıx ünsiyyətin qurulmasına, fərqli mühitlərin tanınmasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə də şərait yaradıb.

Sonda kamp iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Bildirilib ki, həyata keçirilən layihə Türk dünyası ölkələri arasında təhsil və psixologiya sahəsində əməkdaşlığın inkişafına töhfə verir və gələcəkdə bu istiqamətdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.