Xəbər verdiyimiz kimi, yanvarın 17-də Hədəf STARS kampusunda “Turan Balabilgə Akademiyası”nın fəaliyyətə başlaması münasibətilə təqdimat mərasimi keçirilib, akademiyanın elmi rəhbərləri, bölmə rəhbərləri olan balabilgələr və iştirakçı üzvlər tədbir iştirakçılarına təqdim olunub. Bəs 6 bölmə üzrə fəaliyyət göstərəcək akademiyanın elmi rəhbərləri kimlərdir? “Hədəf media” onları sizə təqdim edir.
Tarix və Mədəniyyət bölməsinin elmi rəhbəri Dilqəm Əhməd

1985-ci ildə İrəvanın Zəngibasar mahalının Zəngilər kəndində anadan olub. Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində bakalavr (2003–2007) və magistr (2008–2010) təhsili almışdır. 2020–2025-ci illərdə Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Türkiyənin İstanbul Universitetində Türkiyə Cümhuriyyəti tarixi üzrə doktorantura təhsili almışdır. 2012–2016-cı illərdə “Publika.az”, “Teleqraf.com” portallarında və “Gündəlik Teleqraf” qəzetində redaktor vəzifəsində çalışmışdır. Hazırda “Çapar yayımları”nın baş redaktoru, “Çapar – Milli İrsin Tədqiqi Mərkəzi”nin sədridir. Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi mövzusunda 30-dan çox sərgi təşkil etmiş, 2025-ci ildə Vaşinqton və Nyu-Yorkda beynəlxalq sərgilər keçirmişdir.
Bir çox elmi-publisistik kitabların müəllifidir. 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, 2025-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” və “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.
Fizika və Riyaziyyat bölməsinin elmi rəhbəri Qalib Şərifov

Qalib Şərifov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində bakalavr (1997–2001) və magistr (2001–2003) təhsili almış, 2010-cu ildə Fizika İnstitutunda fizika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanmışdır. O, 2003–2011-ci illərdə Fizika İnstitutunda elmi fəaliyyət göstərmiş, hazırda ADPU-nun Fizikanın Tədrisi Metodikası kafedrasında dosent, eyni zamanda Keyfiyyətin Təminatı şöbəsinin müdiridir. Qalib Şərifov XI sinif fizika dərsliyinin həmmüəllifi, Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti, 91 elmi əsərin müəllifidir.
Kimya-Biologiya və Həyat Elmləri bölməsinin elmi rəhbəri Fətəli Hüseynov

Fətəli Hüseynov Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr (1998–2002) və magistr (2002–2004) təhsili almış, 2008-ci ildə kimya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanmış, 2017-ci ildə dosent elmi adını almışdır. Fətəli Hüseynov 2001-ci ildən Bakı Dövlət Universitetində fəaliyyət göstərir. Hazırda BDU-nun Ekoloji kimya kafedrasında dosent, eyni zamanda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavinidir. Fətəli Hüseynov 130 elmi əsərin, 8 dərslik və dərs vəsaitinin müəllifidir, h-indeksi 7-dir. ED 1.16 Dissertasiya Şurasının üzvüdür. BDU-nun ən nümunəvi məzunu fəxri fərmanı və Azərbaycan Respublikasının “BDU-nun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Süni Zəka və Data Elmi bölməsinin elmi rəhbəri Məmməd Məmmədov

Məmməd Məmmədov 1979-cu ildə Şəki rayonunun Cunud kəndində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr və magistr məzunudur. O, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mühəndis və aparıcı mütəxəssis kimi uzunillik təcrübəyə malikdir. İnformasiya təhlükəsizliyi sistemlərinin layihələndirilməsi, tətbiqi və istismarı, həmçinin kibertəhlükəsizlik həllərinin texniki qiymətləndirilməsi üzrə fəaliyyət göstərmişdir. Beynəlxalq təlim və sertifikasiya proqramlarının iştirakçısıdır, yerli və beynəlxalq tədbirlərdə çıxış etmişdir.
“Maliyyə və biznes savadlılığı” bölməsinin rəhbərləri Vasif Əliyev və İlqar İbrahimov

“Business House” şirkətinin təsisçisi və direktoru olan Vasif Əliyev vergi və mühasibat uçotu üzrə tanınmış mütəxəssislərindən biri kimi 15 illik iş təcrübəsinə malikdir və bir sıra iri şirkətlərdə maliyyə direktoru vəzifəsində çalışmışdır. Azərbaycanın bir sıra tanınmış şirkətləri üçün maliyyə auditi, maliyyə, mühasibat və vergi uçotu üzrə consultant və kouç xidmətləri göstərmişdir. Eyni zamanda uzun müddət Ali təhsil müəssisələrində vergi və mühasibatlıq fənnlərinin tədrisi üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
F3, PMS və Auditor sertifikatlarına sahibdir.
Azərbaycan Respublikasının Auditorlar palatasının üzvüdür. “İnsan Resursları Menecmenti - Əmək Məcəlləsinin şərhi”, “Əməkhaqqı Hesablanması” kitablarının müəllifidir.
İlqar İbrahimov – “HR Club Azerbaijan”ın təsisçisi, “Economy & Quality” jurnalının baş redaktorudur.
ISO9001, ISO22000 və ISO45001sertifikatına sahibdir. HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə çalışmış, Nazirlər Kabinetinin İçərişəhər DTMQ İdarəsində hüquqşünas işləmişdir.
Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, AR İqtisadiyyat Nazirliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. Bir sıra tanınmış şirkətlər üçün onsultant və kouç xidmətləri – peşəkar inkişaf xidmətləri göstərmişdir.
“İnsan Resurslarının Biznes Partnyorluğu”,“İnsan Resursları Menecmenti - Əmək Məcəlləsinin şərhi”, “Əməkhaqqı Hesablanması”, “İnsan Resurslarının Menecmenti”, “Əmək Məcəlləsinin Əsas Maddələrinin Kommentariyası” kitabların müəllifidir.
Yaradıcı yazarlıq bölməsinin elmi rəhbəri Ramil Əhməd

Ramil Əhməd 1994-cü il yanvarın 1-də Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində (2011–2015), Memar Sinan İncəsənət Universitetində “Yunus Əmrə Türk Dili Təqaüd Proqramı” çərçivəsində magistr təhsili (2015–2018) alıb. Azərbaycan və Türkiyədə yaradıcı yazı sahəsi üzrə fəlsəfə doktorudur. O, “Zaman Tuneli”, “İki şəhərin yazıları”, “Orxan Pamukun evində”, “Nizami Gəncəvinin poetik portreti” və “Abşeron yarımadamı” kitablarının müəllifidir. İstanbul Universitetində dissertasiyasını müdafiə edərək bu sahədə ilk alim olmuşdur. Müstəqil olaraq “Yaradıcı Yazarlıq Emalatxanası” və “Storytelling” təlimləri keçirir və Azərbaycan Diplomatik Akademiyasında baş müəllim işləyir.
Ramil Əhmədov müxtəlif ədəbi müsabiqələrin qalibi, bir sıra mükafatların laureatıdır və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər Şurasının sədr müavinidir. İlk kitabı “Zaman Tuneli” 2015-ci ildə nəşr olunub və 2020-ci ildə Türkiyədə də çap edilib.
2021-ci il fevralın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.
Qeyd edək ki, üç aylıq kurs və təlimlərdən sonra məzunlara diplom və sertifikatlar təqdim ediləcək, onlar “Uşaq simpoziumu”nda iştirak hüququ qazanacaqlar. Akademiyanın fəaliyyətinin digər Türk dünyası ölkələrindən olan üzv və rəhbərlərin cəlbi ilə daha da genişləndirilməsi nəzərdə tutulur. Artıq akademiyada ilk elmi araşdırmalara başlanılıb.