Hədəfi böyük olanların liseyi

“Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə qeydiyyat başladı

Dek 08, 2025
“Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə qeydiyyat başladı

“Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə qeydiyyat başladı

26–27 yanvar 2026-cı il tarixlərində Hədəf STEAM Liseyi tərəfindən EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi, Hədəf Global və Türkiyənin Robotzade şirkətinin tərəfdaşlığı ilə “Hədəfdə STEAM 8” beynəlxalq interaktiv təlim-treninqi keçiriləcək.

Azərbaycanın ilk STEAM təhsilli məktəbi olan Hədəf STEAM Liseyi tərəfindən artıq 8-ci dəfə təşkil edilən bu beynəlxalq platforma müasir tədris metodlarının tətbiqi, texnologiyanın təhsilə inteqrasiyası və XXI əsr bacarıqlarının inkişafına xidmət edir. Tədbirdə yerli və xarici ekspertlərin çıxışları, praktiki seminar və layihəəsaslı dərslər həyata keçiriləcək.

Təlim-treninqin əsas məqsədi STEAM əsaslı təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, məktəb təhsili üçün innovativ yanaşmalar təqdim etmək və tədris prosesində yeni texnoloji imkanlardan istifadənin artırılmasına dəstək olmaqdır.

Tədbir 5 əsas istiqamət üzrə təşkil olunacaq:
STEAM Junior – ibtidai təhsil üçün praktiki dərslər;
STEAM ICT – informasiya texnologiyaları, robototexnika və proqramlaşdırma;
STEAM Nature – təbiət elmləri üzrə təcrübə və layihələr;
Humanitar fənlər – Azərbaycan dili, tarix və ədəbiyyatın STEAM yanaşması ilə tədrisi;
Xarici dillər – CLIL metodu ilə inteqrativ dil təlimi.

Təlimdə müəllimlər, təhsil menecerləri, metodistlər, müxtəlif sahələr üzrə pedaqoji mütəxəssislər və ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.

İştirakçılar STEAM əsaslı təhsilin tətbiqi üzrə yeni modellər, XXI əsr bacarıqlarının formalaşdırılması, süni intellekt və texnologiyaların dərs prosesinə inteqrasiyası, beynəlxalq təhsil standartlarının tədrisdə tətbiqi və layihəəsaslı öyrənmə metodlarının effektiv istifadəsini öyrənəcəklər.

Təlim-treninq beynəlxalq mütəxəssislərdən biliklər əldə etmək, praktiki məşğələlərdə iştirak etmək, innovativ dərs nümunələrini tətbiqetmə imkanı qazanmaq və peşəkar şəbəkəni genişləndirmək fürsəti təqdim edir.

Təlimi uğurla başa vuran bütün iştirakçılara rəsmi sertifikat təqdim olunacaq. Həmçinin materiallar və resurslarla təmin olunacaq.