Hədəfi böyük olanların liseyi

Hədəf liseyi rus bölməsinə qəbulu niyə dayandırmışdı?

Noy 23, 2026
Hədəf liseyi rus bölməsinə qəbulu niyə dayandırmışdı?


Rus dilini öyrədək. Bəs rus bölməsini niyə dövlət büdcəsindən maliyyələşdirək?
Bilirsinizmi, on ildən çoxdur Azərbaycan dilinin təhsildəki yeri haqqında danışıram, yazıram. Bu günlərdə mövzu yenidən gündəmə gələndə məndən də fikir soruşurlar. Fikrim çoxdan bəllidir. İllər əvvəl də yazmışdım ki, Azərbaycan məktəbində uşaqları elə birinci sinifdən “Azərbaycan bölməsi”, “rus bölməsi” adı ilə ayırmağımızı yanlış sayıram. Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən məktəblərdə tədris Azərbaycan dilində aparılmalıdır. Rus, ingilis, fransız və başqa dillərdə təhsil almaq istəyən ailələr üçün isə qanunla müəyyən edilmiş qaydada özəl məktəb seçimi ola bilər.
Vaxtilə bu təklifim nəticəsiz qalanda dedim ki, heç olmasa, rus bölməsində Azərbaycan dilinin tədrisini həftədə altı saata çatdıraq. Azərbaycan tarixini, ədəbiyyatını, coğrafiyasını uşaqlarımıza Azərbaycan dilində öyrədək. Bir neçə il əvvəl Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atdı. Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi, dilimizə ayrılan dərs saatlarının qismən artırılması məni sevindirdi. Amma illərdir verdiyim bir sual hələ də açıq qalır. Eyni milli kurikulumu dövlət hesabına niyə iki ayrı dildə tədris edirik?
Məsələn, bir məktəb Cambridge və ya IB proqramını seçəndə onun öz kurikulumu, tədrisə və qiymətləndirməyə öz yanaşması var. Ailə də övladı üçün həmin təhsil modelini seçir. Bizdə rus bölməsində oxuyan uşaq isə Azərbaycan kurikulumu ilə təhsil alır. Dərsliyi Azərbaycanda hazırlayırıq, rus dilinə tərcümə edirik, sonra da öz məktəbimizdə öz şagirdimizə həmin dərsliyi rus dilində keçirik. Mənim illərdir müzakirəyə çıxardığım məsələ elə budur.
Deyirlər ki, Rusiya böyük qonşumuzdur, uşaqlarımızın rus dilini bilməsi vacibdir. Razıyam. Elə isə gəlin rus dilini ikinci xarici dil kimi yaxşı öyrədək. Ehtiyac varsa, həftədə iki saatla kifayətlənməyək, beş, hətta altı saat ayıraq. Mən bunu dəstəkləyirəm. Uşaq rusca sərbəst danışsın, oxusun, yazsın. Bəs bunun üçün onun riyaziyyatı da, biologiyanı da rus dilində öyrənməsinə nə ehtiyac var?
Bir il əvvəl özümə də sual verdim. İllərdir bunları deyirəmsə, rəhbərlik etdiyim liseydə hansı addımı atmağa hazıram? Hədəf Liseylərində birinci sinif üzrə rus bölməsinə qəbulu dayandırdıq. Özəl lisey olaraq qəbulu davam etdirə bilərdik. Buna tələbat da vardı. Qərarın riskini də bilirdim. Amma istəməzdim ki, sabah kimsə “Şəmil müəllim, bəs siz öz məktəbinizdə nə etdiniz?” deyə soruşanda cavabım olmasın! Həm də ümid edirdim ki, bizim addımımız başqa məktəblərdə də bu barədə düşünməyə səbəb olar.
Cənab Prezident Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı mövqeyini dəfələrlə ifadə edib, bu istiqamətdə sərəncamlar imzalayıb. İstəyim budur ki, həmin mövqenin ifadəsini məktəblərimizin gündəlik həyatında da görək. Ölkəmizin gücündən, müstəqilliyindən haqlı olaraq qürurla danışırıq. Məncə, o müstəqilliyin ən təbii ifadələrindən biri də budur ki, Azərbaycan dövlətinin maliyyələşdirdiyi məktəbdə uşaq elmi öz dövlətinin dilində öyrənə bilsin və həmin dildə aldığı təhsilin gücünə inansın.
Ümid edirəm, bu dəfə də bir müddət danışıb mövzunu gələn ilə saxlamayacağıq. Uşaqlarımız isə hər sentyabrda birinci sinfə gedirlər.