Hədəfi böyük olanların liseyi

Klub

Klub

Klublar - balabilgələrin və müəllimlərin könüllü şəkildə təsis etdiyi və dərsdənkənar fəaliyyətdir. Hər kluba bir müəllim məsləhətçi təyin edilir. Klubların təsis edilməsi üçün ən az 3 sinifdən 5 balabilgənin tələbnaməsi, məsləhətçi müəllimin razılıq rəyi və Məktəb Bilgəsinin dərkənarı lazımdır. Klublar ya dərsdən sonra, ya da həftənin şənbə, bazar günləri məsləhətçi müəllimin nəzarəti ilə fəaliyyət göstərə bilər.

Dərnəklərin təşkilində əsas məqsəd balabilgələrin mövcud potensiallarının inkişafı, məlumatlılıq səviyyəsinin artırılması üçün lazımi şəraitin yaradılması, tədris proqramları əsasında qazandıqları bilik və bacarıqlarının genişləndirilməsi, onlarda yaradıcılıq və tətbiqetmə bacarıqlarının formalaşdırılmasından ibarətdir. Balabilgələrin könüllülüyü əsasında təşkil olunan bu və digər dərnək məqsəd və məzmunundan asılı olaraq bir, yaxud bir neçə dərs ili ərzində fəaliyyət göstərə bilər. Dərnəklər ibtidai, ümumi orta və tam orta təhsil səviyyəsində təhsil alan balabilgələrdən təşkil edilir. Həmin dərnəklər komplektləşdirilərkən sinif səviyyəsindən asılı olmayaraq balabilgələrin marağı, istedad və intellekti nəzərə alınır. Dərnəklər, bir qayda olaraq, 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı bir dərnəkdə balabilgələrin maksimum sayı 15 nəfər müəyyən edilir.

Dərnək rəhbəri məktəb direktorunun əmri ilə təyin və azad edilir. İdman istiqamətli dərnəklərə cəlb edilmiş balabilgələr üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunmalıdır. Məktəbin rəhbərliyi təşkil olunan dərnəklərin səmərəli fəaliyyəti üçün məsuliyyət daşıyır. Dərnəklərin işinə ümumi rəhbərlik və nəzarət direktor müavinlərindən birinin vəzifə bölgüsünə daxil olunur. Dərnəklərin dərs ili (illəri) ərzin- dəki fəaliyyəti balabilgələrin cəlb olunduqları dərnəklərin təyinatına uyğun tədbirlərdə (sərgi, müsabiqə, yarış, konsert, olimpiada və s.) iştirak səviyyəsinə görə qiymətləndirilir.

Məktəbdə büdcə vəsaiti hesabına maliyyələşdirilən dərnəklərlə yanaşı bu qaydadan irəli gələn tələblər nəzərə alınmaqla ödənişli və ictimai əsaslarla da dərnəklər təşkil oluna bilər. İnsanlar sosial varlıqlardır, fərdlərin və cəmiyyətin inkişafı hər ikisinin konstruktiv qarşılıqlı münasibətindən asılıdır. Psixoloq və pedaqoqlar uşaq və yeniyetmələrin inkişafında zəngin sosial mühitin rolunu vacib qiymətləndirirlər. Bunları nəzərə alan Hədəf Liseyi balabilgələri üçün maraqlı fəaliyyətləri ehtiva edən zəngin sosial mühit yaratmağı özünə borc bilir.

Liseyimizdəki sosial fəaliyyətlərin məqsədi balabilgələrimizin maraq dairələrini, bacarıqlarını, mədəniyyət və idman sahəsinə həvəslərini genişləndirmək və gücləndirməklə yanaşı onlara gələcək karyeralarında komanda üzvü və komanda lideri kimi işləmək vərdişlərini aşılamaqdır. Hədəf Liseyi İdarə Heyəti olaraq balabilgələrlə 10 illik iş təcrübəmizə, beynəlxalq dərəcəli təhsil mütəxəssislərinin tövsiyələrinə və qabaqcıl orta təhsil praktikalarına əsaslanaraq sosial fəaliyyətlərimizi dörd qrupa ayırmışıq:

  • İdman – futbol, voleybol, basketbol, stolüstü tennis, atçılıq, oxçuluq, alpaqut.
  • İntellekt – şahmat, kodlaşdırma, robotiks, rus dili, ingilis dili, Math English.
  • Yaradıcılıq – qrafik dizayn, heykəltəraşlıq, kulinariya, dekorativ tətbiqi sənət, rəsm.
  • İncəsənət – rəqs, piano, gitara, vokal və xor, saz.

Hədəf Konseptinə uyğun olaraq tədris ili ərzində nəzərdə tutulan dərnək və klubların ümumi bölgüsü aşağıdakı kimi nəzərdə tutulub. Şahmat, məntiq, drama və gimnastika dərnəkləri dərs cədvəlində ibtidai siniflərin bütün bölmələrində yer alıb ki, tədris planında da buna 1 saat ayrılıb.

Klublar:

  • Oxucu klubu
  • Sağlam həyat klubu
  • Debat klubu
  • Özün düzəlt klubu
  • Targetium
  • Rəqs klubu
  • Uşaq teatrı klubu
  • Breynrinq klubu
  • TED Hədəf klubu

Dərnək və klubların müxtəlifliyi və tələbata cavab verməsi valideyn-məktəb əməkdaşlığı üzərində qurulur və fəaliyyəti tənzimlənir.