Hədəf STEAM Liseyi Abşeron filialının müəllim kollektivi, balabilgələri və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Elçin Quliyev “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar.
hedefliseyi.edu.az xəbər verir ki, balabilgələrin ekskursiyası qoruq bələdçisinin müşayiəti ilə baş tutub. İnfotur qoruq ərazisində yerləşən modern-interaktiv muzey ilə başlayıb. Burada balabilgələr Şamaxıdan tapılmış erkən orta əsrlərə aid saxsı qab nümunələri ilə tanış olub, Atəşgahın, Yanardağın və palçıq vulkanlarının maketlərini görüb, onlar haqqında ətraflı məlumat əldə ediblər.
Eyni zamanda Hüseyn Haqverdiyev tərəfindən taxtadan hazırlanmış müasir incəsənət nümunəsi balabilgələrimizin diqqətini cəlb edib. Əsər “Unudulmuş əcdadlarımızın kölgələri” adlanır. Bu əsər barədə də ətraflı məlumat alan balabilgələr interaktiv divarda alovdan olan kölgələrinə baxıblar.
Ekskursiya qoruq ərazisində yerləşən ikinci muzeydə – Açıq Hava Daş muzeyində davam etdirilib. Burada balabilgələr Məhəmmədi kəndi ərazisindən tapılmış XIII – XVIII əsrlərə aid daşdan alətlərlə tanış olublar.
Sonda balabilgələr Yanardağın alovunun qarşısında toplaşaraq yerdə rəngli təbaşirlərlə müxtəlif rəsmlər – Azərbaycan Respublikasının Dövlət Xəritəsi, Qaval daşları, Günəş, Alov və s. çəkdilər