16 iyul 2026-cı il tarixində Hədəf Art School – 11 İllik İncəsənət Məktəbində yeni formalaşmış müəllim kollektivi ilə ilk Pedaqoji Şura iclası keçirildi. Görüş məktəbin fəaliyyətə başlaması münasibətilə təşkil olunmuş ilk rəsmi toplantı olmaqla yanaşı, təhsil ocağının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
İclasda müsabiqə mərhələsini uğurla başa vuraraq Hədəf Art School-un pedaqoji heyətinə qəbul olunmuş müəllimlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Hədəf Şirkətlər Qrupunun qurucusu və rəhbəri Şamil Sadiq müəllimləri salamlayaraq onları yeni fəaliyyətə başlamaları münasibətilə təbrik etdi. O, çıxışında Hədəf təhsil konsepsiyasının əsas prinsipləri, təhsil fəlsəfəsi və qarşıya qoyulan strateji hədəflər barədə danışdı. Şamil Sadiq müəllim peşəkar və yaradıcı müəllim kollektivinin formalaşdırılmasının məktəbin uğurunda həlledici rol oynayacağını vurğulayaraq pedaqoqlara fəaliyyətlərində uğurlar arzuladı və öz tövsiyələrini bölüşdü.
Daha sonra məktəbin direktoru Ayat Baxşıyev geniş təqdimatla çıxış edərək Hədəf Art School-un missiyası, tədris konsepsiyası, innovativ təhsil modeli və inkişaf strategiyası haqqında ətraflı məlumat verdi.
Təqdimat çərçivəsində məktəbin qısa və uzunmüddətli hədəfləri, həyata keçirilməsi planlaşdırılan layihələr, tədris prosesinin təşkili, müəllimlərin vəzifə və məsuliyyətləri, eləcə də kollektiv fəaliyyət prinsipləri müzakirə olundu. Qeyd edildi ki, məktəbin əsas məqsədi milli dəyərlərə söykənən, müasir dünya təhsil standartlarına uyğun yaradıcı mühit formalaşdırmaq və gələcəyin peşəkar incəsənət nümayəndələrini yetişdirməkdir.
İclasın sonunda müəllimləri maraqlandıran suallar cavablandırıldı, qarşılıqlı fikir mübadiləsi aparıldı və məktəbin gələcək fəaliyyəti ilə bağlı ümumi razılıq əldə edildi.
Sonda məktəbin direktoru Ayat Baxşıyev bütün müəllimləri yeni fəaliyyətə başlamaları münasibətilə bir daha təbrik edərək onlara uğurlar arzuladı. O, Hədəf Art School-un ölkənin nümunəvi incəsənət təhsil müəssisələrindən birinə çevrilməsi yolunda peşəkar komanda ruhunun və birgə fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.