21 Fevral – Beynəlxalq Ana dili Günü münasibətilə Hədəf STEAM Liseyinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrası Abşeron filialında “Üskülü Mərziyyə – 50” adlı elmi-bədii konfrans keçirdi.
Konfransda 8-ci sinif Azərbaycan bölməsinin balabilgələri məruzəçi qismində çıxış etmişdir. Məruzələrdə ana dilinin saflığı, gözəlliyi ilə yanaşı dilimizin qorunması ilə bağlı məqamlar da öz əksini tapmışdır.
İki hissəli konfransın bədii hissəsində III və V sinif rus bölməsi, V sinif Azərbaycan bölməsi balabilgələri mahnı, şeir və maraqlı rəqs nömrələri ilə konfransa rəng qatmışdır.
Tədbirin ikinci hissəsində Hədəf Şirkətlər Qrupunun qurucusu, “Tərəqqi” medalı laueratı, ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “Dil probleminə müasir baxış” mövzusunda çıxış edərək müasir dövrdə dilə qayğı, dilimizin yad təsirlərdən qorunması və s. məsələlərə diqqət çəkmiş, bu məsələlərin həlli yolunda öz mövqeyini bildirmişdir. Daha sonra Sevinc Qarabağlı “Azərbaycan dilinin tədrisinin müasir metodologiyası”, Zəhra Bakılı “Müasir mətbuatda ana dili problemi”, Ziya Azərbaycanlı “Ədəbiyyatımızda ana dili məsələləri”, Cəfər Tanrıqulu “Milli kimliyin qorunmasında dilin rolu”, Mehralı Elçin “Təhsil sahəsində keçirilən islahatlar və onların nəticəsi”, Əsma Ərdəbili “Cənubda dil problemi və onun təzahürləri”, o cümlədən Oxford Universitetinin nümayəndəsi Qabriella Rotşild “Oxford Universitetinin elmi, sosial-ictimai həyatında azərbaycanlı tələbələrin rolu” mövzularında çıxışlar etmiş, dilimizin gözəlliyindən, önəmindən və gənclərin bu yolda hansı addımları atdığından danışmışlar.