Hədəfi böyük olanların liseyi

27 – 28 yanvar tarixlərində “Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi keçirilib.

Yan 28, 2024
27 – 28 yanvar tarixlərində “Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi keçirilib.

hedefliseyi.edu.az xəbər verir ki, Hədəf STEAM Liseyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Eduhek, Robotzade, Hədəf Təlim və Karyera Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı, eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı ilə “Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Ardınca torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadıqov “Sinqapur modeli və Azərbaycan təhsili” mövzusunda çıxış edib. O, yeddi günlük təhsil səfərində Sinqapurun təhsil sistemi ilə tanış olub, Sinqapurun təhsil işçiləri ilə görüşüb. Məruzəsində də Azərbaycan və Sinqapur təhsilinin fərqli və oxşar cəhərlərini, repetitorluğun mahiyyətini, təhsilə həm valideynin, həm də dövlətin üstünlük verdiyini bildirib. Ş.Sadiq qeyd edib ki, Sinqapurda özəl məktəb yoxdur, məktəblər milli və beynəlxalq olmağına görə ayrılır.

EduCo Beynəlxalq Qrupun CEO-su Ercüment Özayan “Eğitimde digital kullanımın avantajları”ndan danışıb. E.Özayan inkişafın vacibliyindən və yollarından, məktəbin, valideynin və şagirdin təhsildən gözləntilərindən bəhs edib. Eyni zamanda bildirib ki, təhsildə texnologiyanın rolunun çoxaldılması inkişafa kömək edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin STEAM mərkəzi rəhbəri Arzu Daşdəmirov “STEAM təhsili niyə vacibdir?” mövzusundan danışıb. Arzu bəy STEAM təhsilinin vacibliyindən, müəllimlərin inkişafa meyilli olmasının şagirdlərin də təhsilinə müsbət təsir edəcəyindən söz açıb.

Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayevin “Süni yetkinlər” mövzusunda çıxışı olub. F.Seyfullayev şagirdlərdə yaş, davranış və fikrin bir-biri ilə mütənasib olmadığını, bunun üçün həm müəllimlərin, həm də valideynlərin ciddi səylər göstərməli olduğunu deyib.

Hədəf STEAM Liseyinin psixoloqu Zarina Əliyevanın “Qorxularımızı gücə çevirək” mövzusunda seminarı baş tutub. Zarina xanım bildirib ki, özümüzə verdiyimiz sualların həyatımızda böyük rolu var. Əgər biz “niyə” əvəzinə “necə” sualından istifadə etməyi bacarsaq, bu bizi həm inkişafa, həm də uğura aparar.

Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.