Hədəfi böyük olanların liseyi

“Atalar Liseydə” – Hədəf STEAM Liseyində duyğu dolu bir gün

Dek 02, 2025
“Atalar Liseydə” – Hədəf STEAM Liseyində duyğu dolu bir gün

“Atalar Liseydə” – Hədəf STEAM Liseyində duyğu dolu bir gün

Hədəf STEAM Liseyində bu gün çox fərqli bir atmosfer vardı; lisey siniflərini bu dəfə balabilgələr deyil, onların ataları doldurdu. 150-yə yaxın atanın bir araya gəldiyi “Atalar Liseydə” layihəsi həm duyğulu, həm də yaddaqalan anlarla zəngin keçdi.

Tədbir lisey rəhbərliyinin səmimi çıxışı ilə başladı. İcraçı direktor Vəli Vəlizadə qonaqları salamladı, layihənin mahiyyətindən danışdı və balabilgələrin atalarına ünvanladığı anonim məktubları səsləndirdi. Məktublardakı hisslər zalda xüsusi bir bağlılıq yaratdı.

Ardınca Ümumi işlər üzrə icraçı direktor Nizami Hüseynov liseyin gündəlik həyatı, nailiyyətləri və qarşıdakı planları barədə danışdı, ataları düşündürən sualları cavablandırdı. Çıxışlara valideynlər də qoşularaq fikirlərini bölüşdülər:

Elmir İskəndərli – “Əziz atam, dinlə məni”

Səməd Səmədov – “Valideyn-uşaq münasibətləri”

Samir Şükürov – musiqili kompozisiya

Seminarlardan sonra tədbirin ən həyəcanlı hissəsi yaşandı. Atalar övladlarının yazdığı anonim məktubları tapmağa çalışdılar. Bu, tədbirə həm gülüş, həm həyəcan, həm də səmimi duyğular qatdı.

Proqram furşet, canlı musiqi və sosial fəaliyyətlərlə davam etdi. Ataların müəllimlərlə tanış olması, lisey həyatı ilə yaxından tanışlığı və bir-birləri ilə ünsiyyəti günün ən dəyərli hissələrindən biri oldu.

“Atalar Liseydə” valideyn-lisey əlaqələrini gücləndirən, ailədaxili ünsiyyəti zənginləşdirən və ataların övladları ilə daha yaxın münasibət qurmasına dəstək olan xüsusi bir layihədir.
Hədəf STEAM Liseyi valideynlərini hər zaman bu ailənin ən dəyərli üzvlərindən biri kimi görür və hər tədbirdə unudulmaz xatirələr yaratmağı hədəfləyir.