Hədəf Liseylərinin sinif və məktəb bilgələri Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüblər.
Görüşdə Hədəf Liseylərində ənənəvi olaraq keçirilən sinif və məktəb bilgələrinin seçki prosesi, şagirdlərin idarəetmədə iştirakı və bu modelin təhsil mühitinə verdiyi töhfələr müzakirə olunub. Bildirilib ki, bu mexanizm şagirdlərdə liderlik keyfiyyətlərinin, məsuliyyət hissinin və vətəndaşlıq mövqeyinin formalaşmasına xidmət edir.
Şəmil Sadiq çıxışında təlim-tərbiyənin dövlətin və cəmiyyətin gələcəyində həlledici rol oynadığını vurğulayıb. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı, ana dilini sevən, düşünən və məsuliyyətli vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd edib. Qurucu direktor bildirib ki, liderlik təkcə vəzifə deyil, davranış, nümunə olmaq və məsuliyyət daşımaqdır.
Çıxışda həmçinin milli ideologiya, vətənpərvərlik, davranış mədəniyyəti və ictimai məsuliyyət məsələlərinə toxunulub, şagirdlərin məktəb həyatında fəal mövqe tutmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüş zamanı sinif və məktəb bilgələrinə bilgə nişanı təqdim olunub, onlara “Zəfər Yolu” kitabı hədiyyə edilib.
Tədbirin sonunda balabilgələr çıxış edərək təəssüratlarını bölüşüb və göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər. Eyni zamanda, məktəb balabilgələrinin seçilməsi prosesi və onların rolu barədə məlumat verilib. Qeyd olunub ki, balabilgələrin seçilməsi demokratik səsvermə yolu ilə aparılır, seçilmiş şagirdlər sinif və məktəb həyatında aktiv iştirak edir, məktəbin inkişafı üçün ideya və təşəbbüslərini reallaşdırırlar. Bu proses onların liderlik bacarıqlarını gücləndirir, məsuliyyət hissini formalaşdırır və vətəndaşlıq mövqeyini inkişaf etdirir.
Hədəf Liseylərində hər il oktyabr–noyabr aylarında sinif bilgələrinin seçkiləri keçirilir. Bu proses şagirdlərin və müəllimlərin irəli sürdüyü namizədlər arasında təbliğat-təşviqat mərhələsi ilə başlayır, ardınca demokratik seçki formatında səsverməaparılır. Hər sinif üzrə seçilmiş bilgələr valideyn komitəsi və müəllimlərlə birlikdə məktəb bilgələrinin seçilməsində iştirak edir. Məktəb bilgəsi namizədləri öz proqramlarını, ideya və konsepsiyalarını təqdim edir, məktəbin inkişafı ilə bağlı baxışlarını bölüşürlər. Səsvermənin nəticəsinə əsasən məktəb bilgəsi seçilir.
Seçilmiş məktəb bilgəsi bir gün müddətinə məktəbin direktoru səlahiyyətlərini icra edir. Bu müddətdə ona müəyyən qərarların qəbul edilməsi və şagirdlərin təkliflərinin reallaşdırılması üçün simvolik səlahiyyətlər verilir. Hər il keçirilən Pedaqoji Şurada sinif və məktəb bilgələri müəllimlər və direktor müavinləri ilə birlikdə hesabat təqdim edir, məktəbin problemlərini və görüləcək işləri rəsmi şəkildə müzakirəyə çıxarırlar.
Bu modelin əsas məqsədi şagirdlərdə liderlik bacarıqlarını formalaşdırmaq, məsuliyyət hissini gücləndirmək və vətəndaşlıq mövqeyini inkişaf etdirməkdir.
Tədbir xatirə fotosu ilə yekunlaşıb.