Hədəfi böyük olanların liseyi

Hədəf Liseylərinin fəaliyyəti müzakirə edilib

Yan 12, 2026
Hədəf Liseylərinin fəaliyyəti müzakirə edilib

Yanvarın 9-da Hədəf STARS kampusunda Hədəf Liseylərinin 2025-2026-cı tədris ilinin birinci yarımilindəki fəaliyyəti geniş müzakirə olunub.

Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov ətraflı hesabat məruzəsi ilə çıxış edərək tədrisin mövcud vəziyyəti, icra olunan sosial və ictimai əhəmiyyətli layihələr, sınaq imtahanları və olimpiadalar, onların nəticələri, davamiyyət və nizam-intizam göstəriciləri, həmçinin çap edilən kitablar və tədris vəsaitləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, hesabat dövründə “Turan Balabilgə Akademiyası”nın yaradılması, üçüncü “Təhsil Menecerləri Forumu”nun təşkili, eləcə də “HəmÜrək” xeyriyyə festivalının uğurla keçirilməsi Azərbaycanın elm və təhsil mühitində mühüm və əlamətdar hadisələr kimi yadda qalıb və Hədəf təhsil brendinin cəmiyyətdəki önəmini bir daha nümayiş etdirib.

Akademik direktor Püstəxanım Səfərova 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə hazırlığın vəziyyəti və qeydiyyat prosesləri barədə məlumat verib. Bildirib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllim və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsinə şərait yaradacaq, bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər təlim-treninqdə iştirak edəcəklər.

Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova, Hədəf STARS kampusunun icraçı direktoru Şəmsəddin Bəşər, Xətai korpusunun icraçı direktoru Emin Yaqubbəyli, Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli, Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə rəhbərlik etdikləri filiallarda görülən işlər və əldə edilən nəticələr barədə ətraflı məlumat veriblər.

Hədəf Liseyi Azadlıq korpusunun müdir müavini, abituriyentlər üzrə ümumi koordinator Yaşar Zeynalov abituriyentlər üzrə şöbələrin koordinasiyası və əldə olunan nəticələrin təhlili ilə bağlı hesabat təqdim edib. Bildirib ki, əvvəlki mərhələ ilə müqayisədə cari sınaq imtahanı göstəriciləri daha yüksəkdir. Belə ki, sınaq imtahanlarında əvvəlki mərhələ ilə müqayisədə 10,3 faizlik artım qeydə alınıb. Bu fakt onu deməyə əsas verir ki, Hədəfin məzunları qarşıdakı illərdə ali məktəblərə qəbulda daha yüksək nəticələr göstərəcəklər.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq planlaşdırılan yeniliklər, struktur və idarəetmədə, eləcə də təhsilhaqqı güzəştləri ilə bağlı nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb, fəaliyyət zamanı buraxılan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edib, işin yeni tələblər səviyyəsində təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. Ş. Sadiq vurğulayıb ki, Hədəfin əsas məqsədi yalnız bilikli və intellektual gənclər deyil, eyni zamanda vətənpərvər, milli dəyərlərə və adət-ənənələrə, doğma ana dilinə sadiq gənclər yetişdirməkdir.