Hədəf STEAM Liseyi Polis Akademiyasının “Açıq qapı” tədbirinin qonağı oldu!
5 mart 2025-ci il tarixində DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Hədəf STEAM Liseyinin balabilgələri və müəllimləri oldular. Balabilgələrə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumat verildi, həmçinin rəsmi sayta yerləşdirilən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.
Məktəblilər akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, İnformasiya təhlükəsizliyi fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar.
Balabilgələrə Polis Akademiyası haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.