Hədəfi böyük olanların liseyi

Hədəfdə bilik yarışı keçiriləcək!

Fev 15, 2023
Hədəfdə bilik yarışı keçiriləcək!


Vətən müharibəsi müəllim şəhidinin xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək.

 
05 mart 2023-cü il tarixdə Vətən müharibəsi müəllim şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr olunan“Qoşqar – Riyaziyyat və Məntiq” yarışı təşkil olunacaqdır.

Orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri arasında keçiriləcək bilik yarışında iştirakçılar 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandıracaqlar.  Qaliblər “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Yarışda iştirak etmək istəyən şagirdlər Hədəf Kurslarının filiallarına yaxınlaşaraq buraxılış vərəqəsi ala bilərlər.

Yarışın qaydaları:
1. Yarışda orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri iştirak edə bilər.
2. Yarışda iştirak etmək istəyən şagirdlər “Hədəf Kursları” MMC-nin filiallarından ödənişsiz olaraq buraxılış vərəqəsi əldə etməlidirlər.
3. Hər sinif üzrə sual kitabçası 15 riyaziyyat, 15 məntiq fənninə aid olmaqla 30 qapalı test tapşırığından ibarətdir.
4. İmtahan müddəti 60 dəqiqədir.
5. Maksimum bal 100 baldır.
6. Hər bir fənn üzrə doğru cavabların sayından səhv cavabların sayının ¼-i çıxılır.
7. Yarışın nəticələri 7 iş günü müddətində açıqlanır.
8. Hər sinif üzrə ilk 5 yerin qalibləri mükafatlandırılır
9. Qaliblər “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə təltif edilirlər

Hədəf Qlobalın təsiscisi olduğu yarışın bu ilki buraxılışının təşkilatçıları Xəzər Universteti və Hədəf Şirkətlər Qrupudur.

Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı il “Hədəf Kursları” MMC-nin müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.

2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ali baş komandanın əmri ilə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!