Hədəfi böyük olanların liseyi

Heydər Əliyevin 100 illiyinə həsr edilən “Bizimlə böyüyən ağac” layihəsi baş tutub

Dek 28, 2023
Heydər Əliyevin 100 illiyinə həsr edilən “Bizimlə böyüyən ağac” layihəsi baş tutub

Hədəf STEAM Liseyində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən “Bizimlə böyüyən ağac” layihəsi baş tutub

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə həyata keçirilən “Bizimlə böyüyən ağac” layihəsinə Hədəf STEAM Liseyinin Abşeron filialı da qoşulub.

hedeflisey.edu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə ötürülməsi və ətraf mühitin mühafizəsinə xidmət edən layihə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı və bir sıra tərəfdaşların dəstəyi ilə reallaşdırılıb.
Hədəf STEAM Liseyinin qurucu direktoru Şamil Sadiq belə bir layihəyə qoşulduğuna görə məmnunluq duyduğunu və liseyin şagidləri arasında ekoloji maarifləndirmənin, təbiətə sevginin aşılanmasının əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 100 illiyində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şagirdlərin iştirakı ilə ağacəkmə aksiyasının keçirilməsi qarşıdan gələn 2024-cü illə də əlamətdardır. Ölkə başçısının sərəncamı ilə növbəti ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə birgə fəaliyyətlərin genişləndirilməsi zərurəti yaradır.
“Yaşıl Azərbaycan” platformasının rəhbəri Elnur İslamov belə fəaliyyətlərin ölkəmizin ekoloji mühitinin yaxşılaşmasına və şagirdlərin təbiətə sevgi ilə yanaşmasına xidmət etdiyini dilə gətirib. 2024-cü il ölkəmizdə həyata keçiriləcək ekoloji layihələrdə ictimaiyyətin, təhsil müəssisələrinin yaxından iştirak edəcəyinə inandığını bildirib.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarlı təmsil etdiyi qurumun ətraf mühitin mühafizəsinə töhvə verən layihələrdə müxtəlif tərəflərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, əsas məqsədi ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların artırılması olan “Bizimlə böyüyən ağac” layihəsi məktəblilələr üçün həm də mənəvi dəyər yaradan fəaliyyətdir. Orxan Cabbarlı bildirib ki, bu gün liseyin həyətində əkilən ağaclar dünyamızı yaşıllaşdırmaqla yanaşı şagirdlərlə birlikdə böyüyərək gələcəkdə kölgəsində məktəb illərini xatırlamaları üçün ən yaxşı görüş yeri ola bilər.
Sonda hər sinfə yerli iqlim şəraitinə uyğun eldar şamı ağacının tingləri paylanılıb və təşkilatçıların iştirakı ilə tinglər liseyin həyətinə əkilib.
Layihənin 2024-cü ildə də davam etdirilərək müxtəlif təhsil müəssisələrini və işğaldan azad edilən ərazilərdəki məktəbləri əhatə edəcəyi qeyd olunub.