“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsi təşkil olundu.
5 mart 2023-cü il tarixində Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı keçirilmişdir.
2022-ci ildə “Hedef Global” tərəfindən təsis edilən yarışın bu ilki buraxılışında Bakı, Sumqayıt, Xırdalan, Kürdəmir, Balakən şəhərləri və Masazır qəsəbəsi mərkəz olmaqla 13 imtahan məntəqəsində 3000-ə yaxın şagird öz biliyini sınamışdır. Yarışda orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandırmışlar. Suallar müvafiq olaraq 15 ədəd riyaziyyat, 15 ədəd məntiq fənnlərini əhatə etmişdir.
14 mart 2023-cü il tarixində həyata keçiriləcək mükafatlandırma mərasimində yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Ödənişsiz təşkil olunan yarış təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə keçirilir.
Xatırladaq ki, “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışının təşkilatçıları Xəzər Universteti və Hədəf Şirkətlər Qrupu, tərəfdaşları isə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, OYAL, kitabevim.az, SinKOD və Sınaq İmtahan Mərkəzidir.