Turan Balabilgə Akademiyasında növbəti ustad dərsi təşkil olunub. Tədbirin qonağı iqtisadçı alim və ekspert, pedaqoq və biznes mütəxəssisi Sakit Səmədov olub.
Ustad dərsi çərçivəsində Sakit Səmədov akademiyaya seçilmiş balabilgələrlə şəxsi həyat və peşəkar fəaliyyəti ilə bağlı təcrübələrini bölüşüb. O, marketinq sahəsində keçdiyi inkişaf yolu, qarşılaşdığı çətinliklər və bu prosesdə formalaşan idarəetmə və düşüncə yanaşmaları barədə ətraflı məlumat verib. Görüş zamanı biznesin idarə olunması, korporativ mədəniyyət, liderlik və regional iqtisadi inkişaf mövzularında mühüm məqamlara toxunulub.
Səmimi və interaktiv formatda keçirilən ustad dərsi balabilgələr tərəfindən böyük maraqla qarşılanıb. Təlim həm maarifləndirici, həm də motivasiyaedici məzmunu ilə iştirakçılar üçün yaddaqalan və faydalı bir təcrübə olub.
Qeyd edək ki, Turan Balabilgə Akademiyasında hər həftə müxtəlif sahələr üzrə tanınmış mütəxəssislərin iştirakı ilə ustad dərsləri təşkil olunur. Bu dərslər balabilgələrin dünyagörüşünün genişlənməsinə, praktik bilik və bacarıqlarının inkişafına, eyni zamanda onların gələcək peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.