Hədəfi böyük olanların liseyi

Turan Balabilgə Akademiyası: 6 ayın yekunları və İlber Ortaylıya ehtiram

Apr 22, 2026
Turan Balabilgə Akademiyası: 6 ayın yekunları və İlber Ortaylıya ehtiram

Aprelin 21-də Turan Balabilgə Akademiyasının 6 aylıq fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.

İclasda akademiyanın fəaliyyəti müzakirə olunub, həmçinin görkəmli tarixçi alim İlber Ortaylının xatirəsi ehtiramla yad edilib. Bildirilib ki, ömrünü tarix elminin inkişafına, gənc nəslin maariflənməsinə və türk dünyasının ortaq tarixi yaddaşının qorunmasına həsr edən alim yalnız Türkiyənin deyil, bütün türk dünyasının böyük və hörmətlə anılan simalarından biridir. Onun zəngin elmi irsi, dərin təhlilləri və cəmiyyətə verdiyi tövsiyələrin uzun illər alimlərə və tədqiqatçılara yol göstərəcəyi vurğulanıb. Qeyd edilib ki, İlber Ortaylının akademiyanın fəxri üzvü kimi elmi nüfuzu və mənəvi dəstəyi xüsusi əhəmiyyət daşıyıb.

Akademiyanın prezidenti Şəmil Sadiq çıxışında bildirib ki, qurum hazırda 6 bölmə üzrə 70 üzv şagirdlə fəaliyyətini uğurla davam etdirir. Onun sözlərinə görə, ötən müddətdə 10-dan artıq mövzu üzrə ustad dərsləri təşkil edilib, müxtəlif elmi araşdırmalar aparılıb. Eyni zamanda vurğulanıb ki, milli kimliyinə bağlı, müasir düşüncəli, texnoloji biliklərə və mənəvi dəyərlərə malik türk gənci modelinin formalaşdırılması “Turan Balabilgə Akademiyası”nın əsas prioritetləri sırasındadır.

Bildirilib ki, Turan Balabilgə Akademiyası bu il üçüncü dəfə keçiriləcək və bütün türk dünyasını əhatə edəcək Türk İnteqrasiya Olimpiadasına (TİO) rəsmi tərəfdaş kimi qoşulacaq.

İclasda akademiyanın vitse-prezidenti Mirkan Aydın və digər çıxış edənlər görülən işlərin əhəmiyyətini qeyd edib, növbəti mərhələdə həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətlərdən danışıb, Türk dünyasının birliyi, bilik və təhsildə güclənməsi istiqamətindəki təşəbbüslərə görə minnətdarlıqlarını bildiriblər.

Sonda bir sıra yeni təyinatlar da açıqlanıb. Belə ki, Sabir Rüstəmxanlı, İlyas Bozkurt, Levent Eraslan və İbrahim Nəbioğlu akademiyaya fəxri üzv seçiliblər. Mehmet Akif Sözüeroğlu və Cemil Karagöz isə akademiyanın üzvlüyünə qəbul olunublar.