Hədəfi böyük olanların liseyi

Sumqayıtda kitab sərgisi keçirilib

Dek 10, 2025
Sumqayıtda kitab sərgisi keçirilib

Kitabqurdu oxu marafonunun qalibləri mükafatlandırılıb
HədəfLiseyi xəbər verir ki, dekabrın 5-7-də Sumqayıt Kimyaçı Mədəniyyət Sarayında V Sumqayıt Kitab Sərgisi keçirilib.
Sərgi Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgiyə 30-dan çox nəşriyyat, 40-a yaxın yazıçı qatılıb.
Sərginin açılış mərasimində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Xəyal Məmmədov, millət vəkili Mehriban Vəliyeva, həmçinin Turan Balabilgə Akademiyasının təsis iclasında iştirak üçün ölkəmizə səfərə gələn Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın elm adamları və rəsmi nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin rəhbəri Vasif Qurbanzadə, Qazaxıstanda yerləşən Turan Akademiyasının prezidenti, professor Rahman Alşanov, Sumqayıtdan olan deputat Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı və Prezident təqaüdçüsü, şair, əməkdar müəllim Ofeliya Babayeva çıxış ediblər.
Sərgi çərçivəsində V Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunun mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Kitabqurdu Marafonu layihəsinin rəhbəri, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, marafonun sponsoru AMAL Xeyriyyə Cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev çıxış edib. Mərasimdə imtahanda ən çox bal toplayan məktəblilər mükafatlandırılıblar. I yeri Yusifzadə Leyla Müşfiq qızı, II yeri Babayev Fərid Elnur oğlu, III yerləri Məmmədov Möhsün İsmayıl oğlu, Cavadzadə Kürşən Tural qızı, Rəhimli Söhbət Beyrək oğlu qazanıblar.
Qaliblər 500, 1000 və III yerin qalibləri hər biri 100 manat dəyərində mükafatlandırılıblar.
Digər 8 nəfər isə sertifikat və hədiyyələrlə təltif olunublar.