Лицей высоких целей

Hədəf liseyi Abşeron filialında "Yaxşılıq ağacı "dərnəyi" layihəsinin bağlanış mərasimi baş tutmuşdur.

май 02, 2023
Hədəf liseyi Abşeron filialında "Yaxşılıq ağacı "dərnəyi" layihəsinin bağlanış mərasimi baş tutmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi Zülfiyyə Sadıqovanın, Hədəf liseyi Abşeron filialında "Yaxşılıq ağacı "dərnəyi" layihəsinin bağlanış mərasimi baş tutmuşdur.

Tədbirdə Türkiyədən dəvət olunmuş dəyərli yazar, psixoloq, bir çox cizgi-romanların müəllifi Suat Turqut, Xızı-Abşeron Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron Rayon Təhsil Sektorunun müdiri Rahim Novruzov və şöbənin digər təhsil işçiləri, Milli Dəyərlərin Təbliği Fondunun rəhbəri Mehman İsmayılov, Hədəf şirkətlərinin baş direktoru Şəmil Sadiq, Abşeron rayon 7 nömrəli tam orta məktəbin direktoru Yeganə Paşayeva, məktəbin layihədə fəal iştirak etmiş şagird və müəllim kollektivi, o cümlədən valideynləri, Hədəf kurslarının icraçı direktoru Səftər Əlisəfa, Masazır şəhər 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov və digər dəyərli qonaqlar iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Layihənin müəllifi qonaqları salamladıqdan sonra Vətən uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Daha sonra layihə barədə qısa məlumat verən Zülfiyyə Sadıqova noyabr ayından başlayan təlim prosesində şagirdlərin milli-mənəvi dəyərlərin mənimsənilməsi zamanı hansı işlər gördüyünü, "Yaxşılıq haqqında hekayələr "adı altında 200 şagirdə 9 adda kitabın paylanması, bu kitabların oxuyub-anlama, dinləyib-anlaması zamanı şagirdlərin göstərdiyi fəallıq, rollu oyunlar, esse müsabiqəsinin təşkili, layihənin sonunda aparılan qiymətləndirmə prosesində 80 baldan yuxarı nəticə göstərən 100 şagirdin, 100 bal yığan 15 şagirdin qiymətli hədiyyələrlə mükafatlandırılacağı və s. haqqında məlumat verdi.

Yüksək səviyyədə təşkil olunan tədbirdə şagirdlər təlim zamanı öyrəndiklərini müxtəlif yollarla təqdim etdilər. 5-ci sinif şagirdlərinin səhnələşdirdiyi "Cırcırama və Qarışqa" hekayəsi bütün tədbir iştirakçılarının marağına səbəb oldu.

Sonda sevimli qonağımız Suat abiyə, hörmətli təhsil işçilərinə və valideynlərə söz verildi. Çıxış edən hər kəs tədbir və ümumiyyətlə, layihə haqqında xoş sözlər deyib, layihənin davamlı olmasını arzu etdiklərini bildirdilər.

Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun və Sinkod yayım və dağıtım şirkətinin təsis etdiyi qiymətli hədiyyələr, sertifikatlar fəal şagirdlərə təqdim olundu. Yazıçı Suat Turqutla imza mərasimi keçirildi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə bu şəraiti yaratdıqları üçün dərindən təşəkkür edən Zülfiyyə müəllimə gələcəkdə də bu cür müsabiqələrin müəllimlərin və şagirdlərin inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirdi.