Fərdi inkişaf saatı 1-5-ci siniflər üçün nəzərdə tutulmuş balabilgənin fərdi şəkildə çalışmasını ifadə edir.
Hər bir insan təkbaşına araşdırma, oxuma, mütaliə etmə bacarığına sahib olmalıdır. Həftə içində 2-5 saat həcmində olan Fİ saatları balabilgələrin sinifdə, kitabxanada, sinif rəhbərinin təyin etdiyi müəyyən uyğun məkanlarda dərs müddətində başa düşməkdə çətinlik çəkdiyi, müəllimin verdiyi suallara cavabın araşdırılması, esselerinin yazılması, aylıq ödəməli olduğu bədii əsərin oxunulması prosesidir. Bu proses sinif rəhbərinin birbaşa müdaxiləsi və yardımı olmadan balabilgənin özünün müəyyən vərdişlərinin möhkəmləndirilməsini nəzərdə tutmaqla, geri qaldığı mövzuları mənimsəməsi sinif rəhbərinin və köməkçi müəllimin dəstəyi və nəzarəti ilə həyata keçirilir. Heç bir halda bu saatlara ötəri baxılmamalı, balabilgələrin lazımi işləri görmələri üçün yönləndirmə aparılmalıdır.
Bu saatlar tədris işləri üzrə direktor müavininin xüsusi nəzarətində olmalı, hər hansı bir boşluğa yol verilməməlidir. Sinif rəhbərləri gərəkdiyində hər hansı bir müəllimi sinfə dəvət edə bilər ki, balabilgələrin suallarına cavab verib, onlara dəstək olsun. Fİ saatı bir növ ev tapşırıqlarının məktəbdə həll edilməsi ənənəsini xatırlatsa da, heç bir halda bu digəri ilə qarışdırmamalıdır. Fİ saatlarında işlənilənlər “Bilgənin qeydləri” kitabına yazılmalı, özü üçün hesabatı aparılmalıdır.