Muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.
Təhsil müəssisəsində 200 kvadratmetr sahəsi olan qapalı məkan muzey üçün ayrılıb.
Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi tanınmış mühəndis Elçin Abbasovdur.
O həm də muzeydəki təcrübələri hazırlayır.
STEM təhsili adı altında bir çox hallarda mühəndislik və texnologiyanın yarandığı zəminin təbiət elmləri, riyaziyyat və informatika olduğu unudulur, sadəcə son mərhələ, bəzi hazır hissələrdən müəyyən layihələr ortaya çıxarmaqla əvvəlcədən bilinən nəticələrə gəlmək üzərində dayanılır, fundamental elmlərin əsas prinsip və qanunlarını dərindən öyrətmək yaddan çıxır. Məhz bu prinsiplərin işləməsini konkret təcrübələr üzərində göstərmək üçün fənn laboratoriyaları ilə birlikdə liseydə elm muzeyi də yaradılıb. Hazır məhsulları alıb muzeydə quraşdırmaq və onları şagirdlərə toxunmadan, uzaqdan nümayiş etdirmək əvəzinə, yerli imkanlarla və dinamik eksponentlər hazırlamağa üstünlük verilib. Beləliklə şagirdlər dinamik eksponentlərə toxuna, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri müşahidə edə bilirlər.
İnteraktiv Elm Muzeyinin açılışı 2018-ci ildə baş tutub. Burada 150-dən çox eksponat var. Muzeydə balabilgələr elmin ancaq testlərdən ibarət olmadığını, onun həyatın suallarına cavab olduğunu görürlər. Muzeydə nümayiş olunan sənaye inqilabının təməlini qoymuş buxar mühərrikindən tutmuş, ən müasir ion mühərriki işlək vəziyyətdədir. Elektromaqnetizmi, sərbəstdəyişməni, arximed qanununu, Tesla babinini, vakumun təsirini, işığın və səsin xüsusiyyətlərini və bir çox fiziki anlamları eksperimentlərdə görə biləcəksiniz.