Hədəfi böyük olanların liseyi

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının qalibləri mükafatlandırma mərasimi keçirildi!

Mar 16, 2023
“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının qalibləri mükafatlandırma mərasimi keçirildi!

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının qalibləri mükafatlandırıldı

14 mart 2023-cü il tarixdə Xəzər Universiteti II tədris binası, F.Əmirov adına konfrans-konsert mərkəzində  Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun xatirəsinə həsr edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının mükafatlandırma mərasimi keçirildi.

Tədbir Ceyhun Əliyevin “Salam, könüllü əsgər” şerini səsləndirməsi ilə başladı. Qoşqar Ömərovun simasında bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edildi.

Sonra tədbirin aparıcı tərəfindən Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun qısa həyat yolu haqqında məlumat verilmiş, video slayd təqdim olunmuşdur.

Hədəf Şirkətlər Qrupunun baş direktoru, dosent Şəmil Sadiq çıxış edərək şəhid Qoşqar Ömərovun keçdiyi şərəfli ömür yolundan bəhs etdi. Natiq bildirdi ki, Qoşqar müəllimin xatirəsi çalışdığı Hədəf Kursları tərəfindən əbədiləşdirilmiş, Nizami filialında barelyefi vurulmuş və dərs dediyi sinif otaqlarından birinə Qoşqar müəllimin adı verilmişdir.

Daha sonra yarışın təşkilatçılarından olan  Xəzər Universiteti “Tələbə cəlbi” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy rektor İradə Xəlilovanın salamlarını iştrakçılara çatdırmış, qaliblərə uğurla diləmişdir.

Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar-Riyaziyyat və Məntiq” yarışı Təşkilat Komitəsi rəhbəri dosent, Elvin Əliyevə layihə haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, 2022-ci ildə “Hedef Global” tərəfindən təsis edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışının təşkilatçıları Xəzər Universteti və Hədəf Şirkətlər Qrupu, tərəfdaşları isə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, OYAL, kitabevim.az mağazalar şəbəkəsi, SinKOD və Sınaq İmtahan Mərkəzidir.

5 mart 2023-cü il tarixində “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsində Bakı, Sumqayıt, Xırdalan, Kürdəmir, Balakən şəhərləri və Masazır qəsəbəsi mərkəz olmaqla 13 imtahan məntəqəsində 2697 nəfər şagird yarışda öz biliyini sınamışdır. Layihədə orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandırmışlar.  Suallar müvafiq olaraq 15 ədəd riyaziyyat, 15 ədəd məntiq fənlərini əhatə etmişdir. Ödənişsiz təşkil olunan yarış təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilir.

Bundan sonra qaliblərin mükafatlandırılmasına başlanılmışıdır.  Yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri “Diplom”, “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

V siniflər üzrə 1-ci yeri 79,17 balla Sumqayıt Texniki Təbiət Elmləri Liseyinin  şagirdi Furqan Əliyev, mümkün 100 baldan maksimumu 100 bal toplayan Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Məhəmməd Mehdizadə VI siniflər üzrə 1–ci yer, 85  balla Fizika Riyaziyyat İnformatika liseyin VII sinif şagirdi Məhəmməd Əsgərli və VIII siniflər arasında yarışın qalibi olan Sumqayıt şəhəri 23 saylı məktəbin şagirdi Nadir Kərimov olmuşdur.

Vətən Müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun atası Səxavət Ömərov qaliblərə hədiyyələrini təqdim etmiş və yekun nitqi söyləmişdir.

Mükafatlandırma mərasimində qalib şagirdlərin valideynləri və ictimaiyyət nümayəndələri qonaq qismində iştirak ediblər.

Sonda xatirə şəkli çəkdirilmiş və layihənin bu ilki buraxılışına yekun vurulmuşdur.