Hədəfi böyük olanların liseyi

Hədəf Liseyi STARS Campus və Kamil İnteraktiv Elm Muzeyinin açılışı

Sen 15, 2025
Hədəf Liseyi STARS Campus və Kamil İnteraktiv Elm Muzeyinin açılışı

“Azərbaycanın ilk robot müəllimi Hədəf liseyində”

Sentyabrın 12-də Azərbaycanda elm, texnologiya və incəsənətin sintezini özündə birləşdirən möhtəşəm BilFest 2025 keçirildi. Festival çərçivəsində Hədəf STARS Campusun və ölkəmizdə ilk dəfə açıq hava şəraitində fəaliyyət göstərəcək Kamil İnteraktiv Elm Muzeyinin açılışı baş tutdu.

Tədbirdə millət vəkilləri, dövlət və elm xadimləri, ali məktəb rəhbərləri, Türkiyədən gəlmiş xüsusi qonaqlar, pedaqoqlar, valideynlər və yüzlərlə şagird iştirak etdi.

Dövlət himni səsləndikdən sonra qonaqlar “Bilik Günü” münasibətilə hazırlanan “Keçmişdən gələcəyə – Elm işığında” adlı səhnəciyi izlədilər. Balabilgələrin iştirakı ilə təqdim edilən bu səhnədə Azərbaycanın ilk robot müəllimi kimi tanınan Bilgə Robot da çıxış etdi.

Daha sonra festival iştirakçıları qarşısında çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq Hədəf Konseptinin əsas məqsədini belə ifadə etdi:
“Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Məqsədimiz uşaqların sadəcə oxumasından çox, görməsi, toxunması və hiss etməsidir”.

Festivalda bir sıra rəsmi qonaqların çıxışları oldu:

 

Elnur Nəsibov – Təhsilin İnkişafı Fondunun sədri

Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili

Nəsibə Aydın – Türkiyənin tanınmış pedaqoqu, Nəsibə Aydın Okullarının qurucusu

İbrahim Nəbioğlu – Azərbaycanın QDİƏT-də Daimi Təmsilçisi, jurnalist

Sinan Canan – Türkiyəli neyroelm mütəxəssisi və elm populyarlaşdırıcısı

Rüstəm Behrudi — Azərbaycan şairi

 Elçin Şıxlı — Azərbaycan Jurnalistlər Birliyinin sədri; “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuşdur.

Çıxışlarda təhsildə innovativ yanaşmaların önəmi, elm və texnologiyanın gələcəyin əsas açarı olması vurğulandı.

Yeni fəaliyyətə başlayan Hədəf STARS Campus şagirdlərə IBSTEAM proqramları ilə yanaşı, bilingual – ikidilli təhsil modeli təqdim edir. Bu sistem şagirdlərə Azərbaycan-ingilis və ya rus-ingilis dillərində paralel təhsil almaq imkanı verir.

Kampusun əsas yeniliklərindən biri isə robot müəllimin tədris prosesinə qoşulmasıdır. Bu, təhsil mühitində süni zəka ilə praktiki təmas imkanı yaradaraq şagirdlərə motivasiya və yeni öyrənmə yolları təqdim edir.

Festival çərçivəsində açılışı baş tutan Kamil İnteraktiv Elm Muzeyində isə fizika, kimya, biologiya, riyaziyyat və informatikanın qanunları 10-dan çox interaktiv eksponat vasitəsilə nümayiş etdirilir. Muzey həm lisey şagirdləri, həm də ictimaiyyət üçün açıq olacaq.

Festivalın rəsmi hissəsindən sonra iştirakçılar geniş konsert proqramı izlədilər. Səhnədə Xalq artisti Samir Cəfərov, Xalq artisti Faiq Ağayev, gənc ifaçılar İlkin Dövlətov, Mərdan, reper Promete, “Atəşgah” rəqs qrupu, eləcə də stəndap ustaları Elvin Paşa, Elkin Ergin, Fədain Allahverdiyev və Türkiyədən gəlmiş Doruk Kaparlar çıxış etdilər.

BilFest 2025 bir daha göstərdi ki, elm yalnız sinif otaqlarında deyil, həm də gündəlik həyatımızın ayrılmaz hissəsidir. Tədbirin şüarı “Dünyanı elm xilas edəcək” oldu və festival boyunca bu mesaj bütün iştirakçıların qəlbinə işıq saçdı.

Hədəf STARS Campus və Kamil İnteraktiv Elm Muzeyi Azərbaycanda təhsilin yeni mərhələsini açaraq elm, texnologiya və incəsənəti bir araya gətirdi.