2025/2026-cı tədris ilinin I yarımilinin yekunlarına və II yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş pedaqoji şura iclası başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra lisey balabilgələrinin təqdimatları olub, onlar balabilgələr adından öz təkliflərini səsləndirib, müşahidə etdikləri problemləri diqqətə çatdırıblar.
Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov I yarımil üzrə tədris ilinin ümumi yekunlarını təhlil edərək görülmüş işlər və əldə olunan nəticələr barədə hesabat məruzəsi ilə çıxış edib, eyni zamanda valideynlər arasında keçirilən sorğunun nəticələrini diqqətə çatdırıb.
Akademik direktor Püstəxanım Səfərovanın liseydə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, dərs formalarının tətbiqi, aparılan monitorinqlərin nəticələri, KİQ və BİQ üzrə statistik göstəricilər, eləcə də dərs dinləmələri və fənlərin tədrisi sahəsində mövcud vəziyyət barədə geniş məruzəsi təqdim olunub.
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq planlaşdırılan yeniliklər, struktur və kadr dəyişiklikləri barədə məlumat verib, fəaliyyət zamanı buraxılan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edib, işin yeni tələblər səviyyəsində təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. “Hədəfin əsas məqsədi yalnız bilikli və intellektual gənclər deyil, eyni zamanda vətənpərvər, milli dəyərlərə və adət-ənənələrə sadiq gənclər yetişdirməkdir”, – deyən Ş.Sadiq qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrasında pedaqoji heyətə uğurlar arzulayıb.
Pedaqoji şura iclasında Turan Balabilgə Akademiyasının yaradılması və səmərəli fəaliyyəti barədə məlumat verilib, tədrisin keyfiyyətinin və nizam-intizamın daha da yüksəldilməsi, sınaq imtahanlarının nəticələri və ali məktəblərə qəbul imtahanlarına hazırlığın səviyyəsi barədə müəllimlərlə müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Hədəf MEDİA