Bu gün “Oxu Günü -11” layihəsinin ikinci günü çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq və Altun nəşriyyatının direktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılovun təqdimatında “Təhsildə dəyərlər və təhsilin dili” mövzusunda panel müzakirə keçirilib. Panel bir daha göstərib ki, dil sadəcə ünsiyyət vasitəsi deyil – o, düşüncənin forması, mədəniyyətin daşıyıcısı və gələcək nəsillərin intellektual səviyyəsinin əsas göstəricisidir.
Panel zamanı səsləndirilən fikirlər içərisində xüsusi diqqət çəkən məqamlardan biri dilimizin mövcud vəziyyəti ilə bağlı narahatlıq olub.
Qeyd olunub ki, bu gün müşahidə edilən reallıq ondan ibarətdir ki, şagirdlər məktəbi olduqca məhdud 2-3 minlik söz ehtiyatı ilə başa vururlar. Halbuki Azərbaycan dili zəngin leksik potensiala malik, 80 minə yaxın söz bazası olan və incə çalarları ifadə edə bilən dildir. Bu ziddiyyətin səbəbləri müzakirə mövzusu olub.
Bildirilib ki, problemin kökündə bir neçə mühüm amil dayanır. İlk növbədə, oxuma mədəniyyətinin zəifləməsi və mütaliəyə marağın azalması dilin inkişafına birbaşa təsir edir. Eyni zamanda, gündəlik ünsiyyətdə sadələşdirilmiş, mənşəcə yad və semantik baxımdan kasad, qısaldılmış ifadələrin geniş istifadəsi dilin zənginliyini kölgədə qoyur.
Paneldə vurğulanıb ki, uşaqların dil potensialına münasibətdə mövcud yanaşmalar da problemlər yaradır. Çox zaman erkən yaşda olan uşaqların mürəkkəb və zəngin sözləri qavraya bilmədiyi düşünülür. Halbuki uşaq eşitdiyi dili mənimsəyir və ona zəngin dil təqdim olunarsa, həmin dili qəbul edib istifadə etməyə başlayır. Bu baxımdan dil mühitinin formalaşdırılması müəllim və valideynlərin əsas məsuliyyətlərindən biri kimi qeyd edilib.
Müzakirə zamanı ifadə formaları ilə bağlı məsələlərə də toxunulub. Bildirilib ki, xarici ədəbiyyatda bir çox məsələlər açıq şəkildə ifadə edildiyi halda, yerli mədəniyyətdə daha çox məcazlara və dolayı anlatıma üstünlük verilir. Bu yanaşmanın düşünmə bacarığını inkişaf etdirən mühüm alət olduğu vurğulanıb.
Eyni zamanda, dil məsələsində milli dəyərlər və mentalitet amilinin xüsusi rol oynadığı qeyd olunub. Vurğulanıb ki, dəyərlərə sadiq qalaraq zəngin və ifadəli dil formalaşdırmaq mümkündür və bu, müasir təhsilin əsas hədəflərindən biridir.
Paneldə müasir dövrdə sürətli həyat tempi və texnoloji təsirlərin də dilə mənfi təsir etdiyi diqqətə çatdırılıb. İnsanların çox vaxt düşünmədən danışmağa, fikirlərini sadə və qeyri-dəqiq ifadələrlə çatdırmağa meyil etdiyi bildirilib.
Xüsusilə “3 saniyəlik” qısa videoların diqqət və düşüncə qabiliyyətinə təsirindən bəhs olunub. Qeyd edilib ki, telefon ekranında sürətli dəyişən məzmun fonunda oxumaq, analiz etmək və anlamaq getdikcə çətinləşir.
Sonda bildirilib ki, dilin qorunması və inkişafı yalnız filoloqların işi deyil, bu, təhsil sisteminin, müəllimlərin, valideynlərin və ümumilikdə cəmiyyətin ortaq məsuliyyətidir. Güclü düşünən, analitik və yaradıcı nəsil yetişdirmək üçün ilk növbədə onların dilinin zənginləşdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, dil zəngin olduqda düşüncə də zəngin olur, düşüncə zəngin olduqda isə cəmiyyət inkişaf edir.