Əziz Abşeron valideynlərimiz, müəllimlərimiz, bu ərazidə yaşayan sakinlərimiz, bildiyiniz kimi, Qardaş Türkiyəmizdə baş verən böyük faciə hamımızın qəlbini yaraladı.
Bütün Azərbaycan xalqı birlik nümayiş etdirib gücü çatdığı qədər zəlzələdə zərər çəkmiş insanlara maddi yardım edir. Bakı şəhəri və ətraf rayonlarda təyin edilmiş məntəqələrə yardımlar qəbul edilir. Lakin dəstək vermək istəyənlərin sayı çox olduğundan yardım məntəqələrində sıxlıq var.
Bunun üçün də Hədəf Şirkətlər Qrupu olaraq düşündük ki, Hədəf Liseyi Abşeron filialının qapılarını yardımların qəbul edilməsi üçün açaq, komanda olaraq bu ərazidə yaşayan insanların yardımlarını qəbul edib qutulara yerləşdirərək həmin məntəqələrə təqdim edək. Beləcə, həm yolu uzaq olan insanlarımızın, həm də yardımları qəbul edən təşkilatların işini, az da olsa, yüngülləşdirək.
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində təklifimizi irəli sürdük, qəbul edildi. Hədəf komandası olaraq nə lazımdırsa, necə lazımdırsa, etməyə hazırıq.
Yardımlar Hədəf Liseyi Abşeron filialında (Masazır qəsəbəsi, Bağçalı evlər) qəbul edilir. Hər gün səhər saat 9:00-dan 18:00-a qədər liseyə yaxınlaşıb təhvil verə bilərsiniz.
Həmçinin vurğulamaq istərdik ki, hazırda pul yardımı etmək daha məqsədəuyğundur. Çünki zərərçəkmişlərin daha çox nəyə ehtiyacı olduğunu bilmirik. AFAD-ın rəsmi hesablarına pul köçürməsi edə bilərsiniz.
Köçürmədə çətinlik çəksəniz, Hədəf kursları və Hədəf Liseyinin bütün filiallarında yerləşdirilən “Qardaşa Vəfa Borcumuz” adlı qutulara da təqdim edə bilərsiniz.