Hədəf Liseyində tətil günlərində müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir təhsil yanaşmalarının tədris prosesinə inteqrasiyası və pedaqoji bacarıqların daha da təkmilləşdirilməsi məqsədilə 16–20 noyabr 2026-cı il tarixlərində genişmiqyaslı təlim proqramı təşkil olunur.
Beş gün davam edən proqram müəllimlərin müasir pedaqoji metodlar, rəqəmsal texnologiyalar, süni intellekt, layihə əsaslı öyrənmə (PBL), sinfin idarə olunması və məktəb-valideyn əməkdaşlığı istiqamətlərində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Təlim proqramının əsas məqsədi tədrisin keyfiyyətini yüksəltmək, innovativ metodların gündəlik dərs prosesində tətbiqini genişləndirmək və məktəbdə davamlı peşəkar inkişaf mühitini formalaşdırmaqdır.
Təlim proqramı çərçivəsində əsas istiqamətlər
16 noyabr – Müasir müəllim və innovativ təlim yanaşmaları
Proqramın ilk günündə Hədəf Konsepti və onun gündəlik dərsdə tətbiqi, praktik fəaliyyət və layihə əsaslı öyrənmə (PBL) mövzularında təlimlər keçirilir. Müəllimlər nəzəri biliklərlə yanaşı, praktik tətbiq imkanları ilə də tanış olurlar.
17 noyabr – Süni intellekt və rəqəmsal təhsil
İkinci gün Microsoft Outlook, Microsoft Teams, elektron lövhədən istifadə və süni intellekt alətlərinin tədris prosesində tətbiqi istiqamətində təlimlərə həsr olunur. Günün ikinci hissəsində kafedra daxili iclaslar təşkil edilir.
18 noyabr – Sinfin idarəolunması
Bu gün müəllimlərin sinif idarəetməsi, psixoloji yanaşmalar, müəllim avtoritetinin formalaşdırılması və müxtəlif yaş qruplarından olan uşaqlarla düzgün ünsiyyət qurulması bacarıqlarının inkişafına fokuslanır. Eyni zamanda, məktəb-valideyn əməkdaşlığının səmərəli təşkili məsələləri müzakirə olunur.
19 noyabr – Müasir təhsil üsulları
Proqramın dördüncü günündə filial müəllimləri tərəfindən praktik dərs nümunələri təqdim olunur. Əsas diqqət dərsin daha effektiv təşkili, şagirdlərin fəal iştirakının təmin edilməsi və müasir təlim metodlarının tətbiqinə yönəldilir.
20 noyabr – Filialdaxili işlər
Son gün filiallarda daxili işlərin icrasına və təşkilati proseslərin həyata keçirilməsinə ayrılır.
Davamlı inkişaf – keyfiyyətli təhsilin əsası
Hədəf Liseyi hesab edir ki, keyfiyyətli təhsilin təməlində daim öyrənən, yeniliklərə açıq və öz üzərində çalışan müəllim dayanır. Müəllimlərin peşəkar inkişafına yönəlmiş bu cür təşəbbüslər tədris mühitinin təkmilləşdirilməsinə, pedaqoji təcrübənin zənginləşdirilməsinə və şagirdyönümlü təhsil yanaşmasının gücləndirilməsinə xidmət edir.
Hədəf Liseyi müasir təhsil standartlarına uyğun inkişafı və müəllimlərin davamlı peşəkar inkişafını prioritet istiqamətlərindən biri kimi davam etdirir.