Sağlam və təhlükəsiz mühitdə balabilgələrə təhsil vermək məktəbin əsas məqsədlərindən biridir.
Biz balabilgələrimizə vicdan, sədaqət, hörmət, qayğı, düzlük, öz əməllərini dərk etməyi və məsuliyyət kimi əsas həyat dəyərlərini aşılayırıq. Məktəbdə qoyulan qayda-qanunlara riayət etmək, sakit və işçi mühiti yaratmaq balabilgələr üçün həlledicidir. Balabilgələr məktəb ləvazimatları və ya binaya qəsdən ziyan vurmaqdan, məktəbdə kobud münaqişələr yaratmaqdan, nalayiq sözlər istifadə etməkdən və s. çəkinməlidirlər.
Emosional və əxlaqi problemləri olan balabilgələrə sosial əxlaqın spesifik göstərişləri lazımdır. Sosial vərdiş-bacarıqların tədrisi balabilgə üçün adekvat kommunikasiya vərdişinin işlənilməsini, özünüintizam və problemlərin həlli vərdişinin formalaşmasını bildirir. Məktəb balabilgələri cəzalandırmaq üçün inzibati ölçülərdən istifadə edir və onlar elə təşkil olunmalıdır ki, balabilgələrin dəyərlərinə xələl gətirməsin. Nəzərə alınmalıdır ki, uşaqlarda fikir dağınıqlığı, impulsiv əxlaq, hiperaktivlik kifayət qədər genişdir. Bunun üçün də məktəbdə həddini aşan hiperaktivlik müşahidə olunursa, məktəb rəhbərinin, psixoloqun və məktəbin təcrübəli pedaqoqlarından birinin təşkilatçılığı ilə həmin balabilgələrdən ibarət müəyyən bir sinif düzəldilir. Bu zaman balabilgələrə problemli balabilgə olduqlarını deməkdənsə, məktəbin onlara ehtiyacı olduğunu və məktəbdə təlim-tərbiyənin keyfiyyətini yüksəltmək üçün müəyyən işlərin görüləcəyini, bunun üçün də onların seçildiyini demək daha doğru və məqsədəuyğundur. Əlbəttə ki, balabilgələr ilk olaraq bu fikrə inanmaya bilər, lakin pedaqoqlar onlarla müxtəlif işlər görərsə, onların əli ilə müəyyən mesajları balabilgələrə verərsə, buna inanacaq, özlərini gizli təşkilatın üzvü kimi hiss edəcək ki, bu da əyləncə və oyun metodlu tərbiyənin üsuludur.
Məktəbin nizam-intizam qaydalarının əks olunduğu daxili nizamnamənin “Balabilgənin davranış qaydaları” hissəsinə müvafiq olaraq, məktəb işçiləri heyətindən ibarət “Balabilgəyə dəstək” qrupunun yaradılması balabilgənin tərbiyəsi üsulunun lazımlı tərəflərindəndir. Qrupun
fəaliyyəti aşağıdakı kimi planlaşdırılır:
1. Əgər balabilgə dərs zamanı depressiv vəziyyətdə və ya emosionaldırsa, müəllimin göstərişlərini yerinə yetirməkdən boyun qaçırır və aqressiv yanaşırsa, müəllim həmin virtual qrupa yerləşdiyi otağın nömrəsini göstərməklə köməyə müraciət edir.
2. Bu zaman “Balabilgəyə dəstək” qrupunun üzvlərindən biri cavabında “oldu!” yazmaqla müraciəti qəbul edir və həmin otağa keçir.
3. Balabilgə dəstək qrupunun üzvü nizam-intizamı pozan balabilgəni sinifdən çıxarır və onunla sinif xaricində söhbət aparır.
4. Bu söhbət əsnasında balabilgə səhvini anlayıb dərsi davam etdirməyə hazır olarsa, dəstək qrupunun üzvü onu sinfə yönəltməklə müəllimə təhvil verir. Əks halda balabilgəyə sakitləşməyə vaxt verilir və o, dərsin sonuna qədər sinfə qayıtmır.
5. Həmin balabilgə dərsləri davamlı olaraq pozarsa, balabilgə müvəqqəti olaraq (2 gün) dərslərdən kənarlaşdırılır (bu haqda direktora əvvəlcədən xəbər verilir, sonra məlumat məktəbin müəllimlərinə çatdırılır) və valideyn bu haqda məlumatlandırılır.
6. Məktəb heyəti müəyyən müddət balabilgənin davranışında müsbət
dəyişikliklərə nəzarət edir və ya valideynlə təkrar görüş planlaşdırır.
7. Yolverilməz davranış balabilgə tərəfindən davam edərsə, dəstək qrupu valideyni məktəbə dəvət edir və mövcud problemi birlikdə həll etmək üçün müəyyən mərhələlərdan ibarət fərdi plan hazırlayır.
8. Məktəbdən xaric olunma təxirəsalınmaz hallarda müzakirə olunur.
9. Əgər balabilgə tənəffüs zamanı həmyaşıdları ilə ünsiyyət qurmur, dava edir və aqressivdirsə, bu zaman balabilgələr arasında yaranan münaqişə haqqında məktəb işçiləri “Balabilgəyə dəstək” qrupuna müraciət edir ki, yuxarıda qeyd olunan tədbirlər burada da tətbiq olunur.
10. Balabilgə tərəfindən edilən qayda pozuntusu tərtib olunmuş xüsusi cədvəldə qeyd olunur.
QEYD: Balabilgə dəstək qrupunun fəaliyyətinə psixoloq məsuldur və mütəmadi olaraq prosesi izləməlidir.