Sağlam və təhlükəsiz mühitdə balabilgələrə təhsil vermək məktəbin əsas məqsədlərindən biridir.
Biz balabilgələrimizə vicdan, sədaqət, hörmət, qayğı, düzlük, öz əməllərini dərk etməyi və məsuliyyət kimi əsas həyat dəyərlərini aşılayırıq. Məktəbdə qoyulan qayda-qanunlara riayət etmək, sakit və işçi mühiti yaratmaq balabilgələr üçün həlledicidir. Balabilgələr məktəb ləvazimatları və ya binaya qəsdən ziyan vurmaqdan, məktəbdə kobud münaqişələr yaratmaqdan, nalayiq sözlər istifadə etməkdən və s. çəkinməlidirlər.
Emosional və əxlaqi problemləri olan balabilgələrə sosial əxlaqın spesifik göstərişləri lazımdır. Sosial vərdiş-bacarıqların tədrisi balabilgə üçün adekvat kommunikasiya vərdişinin işlənilməsini, özünüintizam və problemlərin həlli vərdişinin formalaşmasını bildirir. Məktəb balabilgələri cəzalandırmaq üçün inzibati ölçülərdən istifadə edir və onlar elə təşkil olunmalıdır ki, balabilgələrin dəyərlərinə xələl gətirməsin. Nəzərə alınmalıdır ki, uşaqlarda fikir dağınıqlığı, impulsiv əxlaq, hiperaktivlik kifayət qədər genişdir. Bunun üçün də məktəbdə həddini aşan hiperaktivlik müşahidə olunursa, məktəb rəhbərinin, psixoloqun və məktəbin təcrübəli pedaqoqlarından birinin təşkilatçılığı ilə həmin balabilgələrdən ibarət müəyyən bir sinif düzəldilir.
Bu zaman balabilgələrə problemli balabilgə olduqlarını deməkdənsə, məktəbin onlara ehtiyacı olduğunu və məktəbdə təlim-tərbiyənin keyfiyyətini yüksəltmək üçün müəyyən işlərin görüləcəyini, bunun üçün də onların seçildiyini demək daha doğru və məqsədəuyğundur. Əlbəttə ki, balabilgələr ilk olaraq bu fikrə inanmaya bilər, lakin pedaqoqlar onlarla müxtəlif işlər görərsə, onların əli ilə müəyyən mesajları balabilgələrə verərsə, buna inanacaq, özlərini gizli təşkilatın üzvü kimi hiss edəcək ki, bu da əyləncə və oyun metodlu tərbiyənin üsuludur.
Məktəbin nizam-intizam qaydalarının əks olunduğu daxili nizamnamənin “Balabilgənin davranış qaydaları” hissəsinə müvafiq olaraq, məktəb işçiləri heyətindən ibarət “Balabilgəyə dəstək” qrupunun yaradılması balabilgənin tərbiyəsi üsulunun lazımlı tərəflərindəndir.
QEYD: Balabilgə dəstək qrupunun fəaliyyətinə psixoloq məsuldur və mütəmadi olaraq prosesi izləməlidir.