Hədəfi böyük olanların liseyi

Hədəf Liseylərində Beynəlxalq Ana dili Günü silsilə tədbirlərlə qeyd olunub

Fev 20, 2026
Hədəf Liseylərində Beynəlxalq Ana dili Günü silsilə tədbirlərlə qeyd olunub

21 fevral – Beynəlxalq Ana dili Günü münasibətilə Hədəf Liseylərində silsilə maarifləndirici və vətənpərvərlik ruhlu tədbirlər təşkil olunub. "Ana dili həftəsi" çərçivəsində keçirilən tədbirlərdə balabilgələrin iştirakı ilə ana dilimizin zənginliyini, tarixi köklərini və milli kimliyimizdəki rolunu əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim edilib.

“Öz ana dilini bilməyənlərə” adlı proqram çərçivəsində şagirdlərin hazırladığı çıxışlar, vətənpərvərlik mövzusunda səhnəciklər və milli ruhu əks etdirən rəqslər nümayiş olunub.

Hədəf STEAM Liseyinin Nəsimi filialında keçirilən tədbir isə tarixi səhnə ilə – Ağa Məhəmməd Şah Qacarın Molla Pənah Vaqiflə dialoqunun səhnələşdirilməsi ilə başlayıb. Şagirdlər müxtəlif regional ləhcələrdə çıxış edərək Azərbaycan dilinin dialektoloji zənginliyini nümayiş etdiriblər. Proqramda dilimizin mahiyyətinə həsr olunmuş şeirlər səsləndirilib, musiqi və rəqs nömrələri təqdim edilib, “Azərbaycan mahnısı” auditoriya ilə birlikdə ifa olunub.

Tədbirlərdə çıxış edənlər qloballaşma və informasiya texnologiyalarının sürətli inkişafı fonunda dillərarası qarşılıqlı təsirin gücləndiyini, xarici dillərdən alınma sözlərin artmasının Azərbaycan dilinin saflığına təsir göstərdiyini bildiriblər. Ana dilinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq çıxışında ana dilinin milli kimliyimizin əsas dayağı olduğunu qeyd edib. O bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni irsi və düşüncə tərzidir:

“Azərbaycan dili bizim kimliyimizin aynasıdır. Onu qorumaq, saf şəkildə gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Gənclərimiz dilimizin zənginliyini dərindən mənimsəməli, gündəlik ünsiyyətdə onun imkanlarından düzgün və məsuliyyətlə istifadə etməlidirlər”.

Şəmil Sadiq şagirdləri uğurlu çıxışlarına görə təbrik edərək, bu cür tədbirlərin balabilgələrdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. O, ana dilinin qorunmasının yalnız məktəbin deyil, ailə və cəmiyyətin də birgə məsuliyyəti olduğunu diqqətə çatdırıb.

Tədbirlərdə, həmçinin, liseylərin rəhbər heyəti və müəllimlər çıxış edərək ana dilimizin saflığının qorunmasının, düzgün istifadəsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

Silsilə tədbirlər şagirdlərdə ana dilinə sevgi və hörmət hissinin gücləndirilməsi, milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından əlamətdar olub və yadda qalan anlarla başa çatıb.